Veriliş səviyyəsində olan kanal rəhbərləri....
Azərbaycanda televiziyaya baxanda adam düşünür ki, bəlkə də elə biz yox, televizor xəstədi. Amma sonra anlayırsan ki, bu ekranda görünənlər, yəni o aparıcılar, o ekspertlər, o ağlayıb-gülən aktyorlar, doğrudan da öz-özlərini ciddiyə alırlar. Ən dəhşətlisi isə odur ki, bu adamlara hə deyən, kanal rəhbərləridi.
Verilişlərin 90 faizi sanki filan seriala necə oxşayaq, amma daha bayağı olaq devizi ilə hazırlanıb. Guya canlı yayımdı, amma hamı öncədən əzbərləyib nə deyəcəyini. Şoular qurmadı, tam bir dram kursudur. Bir az da səy göstərsələr, qızıl maskanı bu kanalda saxlayacaqlar...
Amma qıraqdan baxan bir xarici bu verilişləri izləsə, düşünəcək ki, bu millət ya kütləvi hipnoz altındadı, ya da kollektiv şəkildə psixoloji terapiyaya ehtiyacı var. Qışqırıq, ağlaşma, sensasiya baş verir sanki. Elə bil psixoloji xəstəxananın açıq günüdü.
Buradan səslənirəm sizə ay millət, bu kanal rəhbərləri və aparıcılar məsuliyyətə cəlb olunmalıdır. Çünki bu artıq təkcə zövqsüzlük deyil, bu, cəmiyyətə təhqirdir. Milləti ekranda debil, xəstə, düşünə bilməyən bir toplum kimi təqdim etmək bir neçə reyting uğrunda aparılan cinayətdir.
Axı niyə bizə düşünən, yaradan, öyrədən verilişlər yoxdu. Çünki düşünən tamaşaçı təkcə kanal deyil, rəhbər də dəyişmək istəyəcək. Amma bəzi media padşahları üçün tamaşaçının düşünməsi, az qala terror aktı qədər təhlükəlidir. Qısacası, bizim televiziyalar səviyyə axtarışında deyillər. Onlar səviyyəsizliyin özünü veriliş halına salmaqla məşğuldurlar.
Televizorum sussa, bəlkə millət danışar...
Alxas.
Oxunub: 20
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az