Bakıda “Milli baş geyimi və örtükləri” adlı tədbir-sərgi keçirilib.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi “Milli baş geyimi və örtükləri” layihəsinin icrasına başlayıb. 2025-ci il iyunun 28-də Bakı şəhəri Xətai Sənət Mərkəzində layihə çərçivəsində ilk tədbir keçirilib. İctimai Birliyin sədri Güllü Tomarlı bildirib ki, layihənin məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, örpək, araqçın, papaq və digər ənənəvi örtüklərin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsidir.
Tədbirdə baş geyimlərimizin milli kimliyimizin mühüm daşıyıcılarından olmasından danışılıb, həm məişətdə istifadəsi, həm də rəmzi mənalarına dair çıxışlar edilib.
Tədbir çərçivəsində Azərbaycan kişilərinə və qadınlarına məxsus müxtəlif dövrlərə aid milli baş geyimlərinin – kəlağayıların, papaqların, tirmə çalmanın və digər örpəklərin sərgisi təşkil olunub. Quramaçı Aybəniz Camalovanın "Kəlağayı kompozisiyası" nümayiş olunub. Həmçinin məclisin üzvləri Hənifə Şəbnəm və Fatma Ayna tərəfindən qədim toxuculuq ənənəsinin - cəhrə vasitəsilə yun, pambıq və ipək liflərin burularaq ipə çevrilməsinin canlı nümayişi keçirilib, papaq ustası Orxan Şükürovun papaq sərgisi təqdim edilib.
Layihə çərçivəsində silsilə tədbirlərin Salyan, Hacıqabul, Saatlı və Kürdəmir rayonlarında keçirilməsi nəzərdə tutulur.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Oxunub: 38