Roma Dağstanlı, tanınmış bloqer, ictimai fəal və vətənpərvər şəxsiyyət...
Roma Dağstanlı Azərbaycanın ictimai həyatında və sosial media məkanında xüsusi yeri olan şəxslərdən biridir. İlk baxışdan sadəliyi, mehriban və səmimi davranışı ilə diqqət çəkdi. Qısa ünsiyyətdən sonra aramızda qarşılıqlı hörmət formalaşdı.
Roma Dağstanlı 10 dekabr 1980-ci ildə dünyaya gəlib. Uşaqlıq və gənclik illəri onun xarakterində formalaşan əzm, vətənpərvərlik və ədalət duyğularının əsasını qoyub. O, 2006-cı ildən etibarən bloqerlik fəaliyyəti ilə məşğuldur. İllər ərzində yaratdığı məzmun və sosial mesajlarla təkcə yerli deyil, respublika səviyyəsində də tanınaraq ictimai fəal kimi mövqeyini möhkəmlədib.
Roma Dağstanlının həyatında idman da xüsusi yer tutur. O, Ukraynanın Xerson şəhərində keçirilən karate çempionatında qalib olmuş, eyni zamanda Karate Kubokunun sahibi kimi idman uğurlarına imza atmışdır. Bu nailiyyətlər onun həm fiziki, həm də mənəvi baxımdan güclü şəxsiyyət olduğunu göstərir.
İctimai fəaliyyətləri ilə fərqlənən Roma Dağstanlı müxtəlif sosial layihələrə rəhbərlik edib. Onun təşəbbüsü və şəxsi dəstəyi ilə dörd bulaq və bir abidə inşa olunub. Bu təşəbbüslər yerli icmaların həyatına müsbət təsir göstərib, vətənpərvərlik ruhunun güclənməsinə töhfə verib.
Xüsusilə qeyd etmək lazımdır ki, Roma Dağstanlı partiya üzvü olmasa da, cəmiyyətə faydalı işləri ilə insanların rəğbətini qazanıb. Qarabağ bölgəsində azad edilmiş əraziləri ziyarət edərək, 2000-ə yaxın şəhid ailəsi ilə görüşüb, onların qayğıları və ehtiyacları ilə maraqlanıb. Bu fəaliyyətlər sadəcə formal görüşlər deyil, əsl mənada insani dəstək nümunəsi kimi dəyərləndirilir.
Roma Dağstanlının xidmətləri dövlət və ictimai qurumlar tərəfindən də diqqətdən kənarda qalmayıb. O, çoxsaylı fəxri fərmanlarla təltif olunub. Ailəsi də onun həyatında mühüm yer tutur, ailəlidir, üç övladı və bir nəvəsi var. Roma Dağstanlı həm sosial şəbəkələrdə, həm də real həyatda geniş ictimai dəstək və rəğbət qazanmış insanlardandır.
Onun həyatı və fəaliyyəti gənc nəsil üçün nümunə sayıla bilər. Məqsədyönlülük, dürüstlük və vətənə xidmət prinsipləri üzərində qurulmuş bir ömür yoludur.
Alxas Məmmədov.
Oxunub: 30