Kimlə evlənim, normal adam qalmayıb....




Kimlə evlənim, normal adam qalmayıb....
Əvvəllər deyirdilər gözəl insan axtarma, gözəllik keçicidir, əsas xasiyyətdir. İndi nə gözəl qalıb, nə xasiyyəti. Söhbət təkcə qadınlardan getmir, kişilər də fərqli dəlixanaların nümayəndələridir. Evlənmək istəyirsən, əvvəlcə ayıq ol, sonra da yenədə döz.
Cəmiyyət dəyişir deyirlər. Bəli, dəyişir amma yaxşıya yox. Qəribə bir axın var: ya instaqram “mələyinə” vurulursan, ya da tik-tok “filosofuna”. Ay bala, bu nədi, evlənmək üçün adam yoxdu, kontent axtarırsan sanki!
Bir millət kimi tədricən yox oluruq. Sadəcə riyazi yoxluq deyil bu mənəvi, əxlaqi, ailəvi iflasdır. Uşaq doğmaq çətin deyil, ailə saxlamaq çətindir bu çətinliyi isə biz özümüz özümüzə yaradırıq.
Toy dediyin bir vaxtlar sevincli gün idi, indi isə kredit müqaviləsi. Bütün mərasimlər pulun orbitində fırlanır. Əvvəl elçilik orda bir zərf. Nişan orda iki zərf. Qız evi açıq deyir: “Bizə problem lazım deyil, mebel, texnika, təmir, hamısını alırsız. Bir də 'süd pulu' unutmayın — qızımız süd içib böyüyüb!” Sanki uşaq yox, təzə mənzil verirlər...
Toy başlayır, fəlakət dövrü... “Bəy gəlir, başı gedir”. Tərəf-müqabil dələduz yox, event menecer kimi çıxış edir. DJ, aparıcı, video-operator, aşpaz  hamı əlini uzadıb. Qonşunun xalası da gəlir, pul atır, sonra çıxıb arxada deyir: “Toy pisdi e... yemək gec gəldi!” Ay xala, bəlkə yeməyə görə yox, bərəkətə görə gəlib?
Yaslarımız da fərqlənmir harada ölüm var, orada biznes var. Molla 15 dəqiqəlik dua üçün “tarif” deyir. Çadır, su, ehsan siyahısı, cümə axşamı, qırx, il... Qəbir qazmaq belə “yarmarka qiymətinə” düşüb. Əvvəllər son mənzil idi, indi “mərasim kompleksi”.
Bir sözlə, bu gün ailə qurmaq istəyirsənsə, əvvəlcə ya bank hesabına bax, ya da psixoloqa get. Normal adam qalmayıb demirəm  qalan normal adam da qaçır evlilikdən.
Əslində hər şeyin günahkarı da bizik  özümüz. Adət-ənənə deyirik, amma o adətlər bizi deyil, biz o adətləri çiynimizdə daşıyırıq. Bu ağırlığın altında isə nə sevgi qalır, nə sədaqət.

Alxas Məmmədov.

Oxunub: 44
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az