Uzun illər idi ki, yaşadığım məhəllədə bir sirr dolaşırdı. Hər səhər tezdən yuxudan oyananda ilk gördüyüm mənzərə bu olurdu ki; zibil konteynerinin yanına gizli əllərlə qoyulmuş çürük kartoflar, qırıq əşyalar, keçmiş həyatın acı xatirələri və əlbəttə ki, yerə atılmış zibil torbaları. Sanki kimsə düşünürdü ki, küçəmiz zibil üçün yaradılıb. Biz də hər gün bu mədəniyyətə təzim edərək, qatı açılmamış söyüşləri söyərək yanından ötürdük.
Dedim, bəlkə gecə kameralar quraşdırım? Qonşular isə zarafatla dedilər ki;
- O zibilləri ancaq eşşək ata bilər...
Və nəhayət… bir gecə gizli əməliyyat baş tutdu. Kamera işə düşdü.Gözümə inanmadım.
Kadrda bir kölgə yaxınlaşır, sağa-sola baxır, konteynerə deyil, konteynerin yanına zibili yerbəyer edir. Və sonra özünü çəkə-çəkə gedir. Zoom etdim, ayaqları 4 dənə. Qulaqları uzun! Yükü də var. Bıy filənkəs EŞŞƏK. Əlində telefon yox, cibində çanta yox, amma mədəniyyətdən bixəbər bir vətəndaş kimi zibili elə yerə atır.
Yox, bu elə-belə eşşək deyildi. Bu, sanki bəzi adamların simvolu idi. Sanki küçəni, təbiəti, başqasının həyat sahəsini zibilxanaya çevirənlər öz daxili eşşəkliklərini bu zavallının adına yazmışdılar.
Düşündüm, bəlkə bir lövhə düzəldim ki;
- Zibili yerə atan hər kəsə eşşək demək, eşşəklərə haqsızlıqdır.
İndi hər dəfə o zibilli yeri görəndə fikirləşirəm ki, bu dəfə adam atdı, ya eşşək ? Amma fərqi nədir ki, onsuz da bəzi adamlar eşşəyi utandıracaq dərəcədə vəhşi davranır.
Amma söyüşlərimi unutmayın ha.....
Alxas.