Dəli utanmaz, dəlinin yiyəsi utanar.....



Dəli utanmaz, dəlinin yiyəsi utanar.....
Bu məmləkətdə dəli çoxalıb. Əvvəllər hər məhəllədə bir dəli olurdu, indi hər dəlinin öz məhəlləsi var. Statistikaya görə, bir sakinə uje üç dəli düşür. El arasında deyilən hər evdən bir dəlixanaya deyimi indi hər idarədən bir dəlixanaya kimi dəyişib.
Bunlar artıq təkcə küçələrdə yox, idarələrdə də peyda olublar. Qalstuk bağlayıb özlərini ziyalı kimi qələmə verirlər. Əslində isə, beyin əvəzinə başlarında rəsmi möhür daşıyırlar. Dəlilik rəsmi sənədlə təsdiq olunmasa da, vəzifə veriləndə görünür, əlavə sertifikat kimi qəbul edilir.
Ən dəhşətlisi odur ki, bu adamlara kürsü də verilir. Vallah, kimsə bunların qabağını kəsmək əvəzinə, hələ ayaqlarının altına xalça da sərir. Hər dediklərinə əhsən, hər qışqırığına əla ideyadır deyirlər. Bu da olur dəliliyin idarə formasında leqallaşması.
Bunların yiyələri hanı? Onlar utanıb yerə girməli idilər, amma görünür, yer də bunları qəbul eləmir. Qəbirstanlıqlar belə elan ediblər ki, bizim də əndazəmiz var....
Biri maşın sürür, həm də zolaq tanımır, biri yüksək vəzifə tutur, həm də dövlət dilində cümlə qura bilmir, biri isə ictimai nəqliyyatda dava salır, çünki biletin 30 qəpik olduğunu unudub. Guya bunların hərəkətləri psixoloji gərginliklə bağlıdır. Əslində isə bu sadəcə... genetik tarixçənin davamıdır.
Qocalar isə deyirlər ki;
 - Ay bala, Şamaxı dəlisiz olmayıb. Doğrudur, amma o vaxtkı dəli daş atırdı, indiki isə tender udur.

Alxas.

Oxunub: 37
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az