Beyrək söyləyir ki,” o qız elə olmalıdır ki, məndən qabaq dursun, məndən qabaq ata minsin, məndən qabaq döyüşə baş vurub baş gətirsin”.




Böyük Britaniyanın “The Observer” nəşri yazır: “Britaniya arxeoloqları Naxçıvanda tunc dövrünə aid məzarların tədqiqi zamanı qədim Yunanıstan əfsanələrində adı çəkilən amazonların mövcudluğunu təsdiq edən artefaktlara rast gəliblər”.
Araşdırsaq görərik ki, Kitabi Dədə-Qorqud dastanında Bamsı Beyrək özünə həyat yoldaşı arzulayanda atasına dediyi qız əlamətləri tam Amazon qadını tipinə uyğun gəlir. Beyrək söyləyir ki,” o qız elə olmalıdır ki, məndən qabaq dursun, məndən qabaq ata minsin, məndən qabaq döyüşə baş vurub baş gətirsin”.
Eramızdan əvvəl I əsrdə yaşayan tarixçi Pompeius Trogus Makedoniyalı İskəndərin Atropatenaya yürüşünü  anlatarkən yazır:  “Böyük İskəndər xəzərləri və midiyalıları yendi. Oradakı 300 qadınla bərabər amazon kraliçası Talestris ya da Minutiya  35 günə yad qəbilələri keçib İskəndərin görüşünə gəlir".
Nizami Gəncəvinin qəhramanı olan Nüşabə də həqiqətən tarixdə mövcud olub və onun əsl adı TALESTRİS olub. Amazon kraliçası olan TALESTRİS Bərdə ərazisində bir qalanın rəhbəri və qızlardan ibarət olan ordunun sərkərdəsi idi. 
Strabon isə “Coğrafiya” əsərində yazır:” Albaniyanın yuxarı dağlarında amazonlar yaşayır. Pompeyi yürüşdə müşayiət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonkalar və Albanlar arasında yaşayırlar." 
Strabon Metrodor Skepsiliyə və Gipsikarta  əsaslanaraq bildirir ki, ”amazonkalar Qafqaz dağlarının Kervaney adlandırılan hissələrinin şimal yamaclarında qarqarların qonşuluğunda yaşayırlar”.
“Amazon” sözü qadın döyüşçü deməktir. “A-mazos”-“döşsüz” deməkdir.
Eramızın II minilliyində yaşamış yunan səyyah və coğrafiyaçısı Pavsani yazır: "Amazonlar Qafqazda yaşayırdılar. Onlar Hurkani gölü (bugünkü Xəzər) sahillərindən baş alıb gəlirlər. Albaniyanın yuxarılarında amazonlar yaşayırdılar. Onlar yer şumlamaq, bağçılıq, mal-qaraya və xüsusilə atlara qulluq etmək kimi müxtəlif işlər görürdülər. Daha güclü amazonlar isə at belində ovla və ya hərbi təlimlə məşğul olurdular.”
Böyük yunan həkimi Hippokrat isə yazır: “Amazonlar 3 düşmən öldürüncəyə qədər qız qalırdılar. Onların sağ məmələri olmazdı, uşaqlıqda anaları bunu dağlayırdılar ki, burada inkişaf dayansın  və bütün güc sağ kürəyinə və sağ qoluna keçsin. Amazonlar əllərinə xına yaxardılar".
E.ə. I əsrdə Roma sərkərdəsi Pompey Albaniyaya hücum edərək bu əraziləri ələ keçirmək istədikdə Azərbaycan qadınları kişilərlə bərabər ayağa qalxmış və Pompeyin qoşunlarına müqavimət göstərmişlər. İsgəndəriyyəli Appian yazır ki, romalılara qarşı kişilərlə bərabər qadınlar da vuruşurdular və döyüşdən sonra “girov götürülmüşlər və əsirlər arasında kişilərdən az yara almayan çoxlu qadın var idi”.
Səfəvilər dövlətində Qızılbaş tayfaları arasında çox sayda qadın döyüşçülərin olduğu qeyd edilir. Səfəvi dövlətinin yaranmasında rol oynayan zülqədər tayfasının arasında 30 minlik qadın döyüşçünün varlığından bəhs edilir.Bəzi tədqiqatçılar həmin döyüşçü qadınları “amazonlara” oxşadıblar. “Amazonlara” oxşadılan bu qadınlara Taclı Bəyim rəhbərlik etmişdir. Çaldıran savaşında çox sayda qadın əsgərin yer alması ancaq bu şəkildə izah edilməlidi.
Azərbaycanda amazon qadınların olması ilə bağlı, hətta amazon qadınlar ölkəsinin məhz Azərbaycanda olması ilə bağlı çoxlu faktlar var. Azərbaycanda qadınların adı ilə bağlı 60 mağara, 15 qız qalası var. Araşdırmalar göstərir ki, dünyanın heç bir yerində Qafqaz Albaniyasında, xüsusilə Azərbaycanda olduğu qədər Qız qalaları yoxdur. Azərbaycanda qadın və qız adlı kifayət qədər qalalar, abidələr var.Bu barədə daha çox yazmaq olar. Bu bir daha sübut edir ki, Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, namusu və qeyrəti, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində cəsarət, qorxmazlıq və vətənpərvərlik nümunələri göstərmişlər.
Zaur Aliyev , fəlsəfə doktoru, tarixçi .
Şəkil: Alban sak xatunu (nümunə olaraq hazırlanıb).

Oxunub: 24
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az