Müsbət düşün, müsbət yaşa, imkan versələr



Müsbət düşün, müsbət yaşa, imkan versələr
Deyirlər, pozitiv düşün, kainat sənə cavab verəcək. Verəcək, amma cavabı məşğulam, sonra zəng elə tərzində olur. Nə vaxt müsbət düşünməyə başlayırsan, elə həmin an ya qonşunun kranı partlayır, ya da işıq kəsilir. Pozitivlik bu ölkədə ancaq şəbəkə sitatlarında mövcuddur. Orda da şəkilin altında kredit borcu ilə alınmış qəhvə fincanı var.
Müsbət düşünürsən, sabahkı gün gözəl olacaq. Gözəl olur, amma başqasına. Sən hələ də ayın sonunu necə gətirəcəyini düşünürsən. Çünki müsbət düşüncə ilə marketdə alış-veriş edə bilmirsən, kassada sənə  baxıb endirim etmirlər.
Hər yerdə motivasiya var ki;
- Uğur sizdən asılıdır.
- Qorxma, et.
- İçindəki gücü oyat.
Amma nə vaxt içindəki gücü oyatmaq istəyirsən, sosial yardımı kəsirlər.
Müsbət düşünürsən ki, nə yaxşı, bu il bahalaşma olmayacaq. Amma nə biləsən ki, qiymətlər pozitiv düşüncədən də sürətli qalxır. Elə bil dollarla yarışa çıxıblar, kim daha tez 10 faiz artsa.
Sonda yenə də düşünürsən ki, müsət düşünmək gözəldir. Ancaq yaxşı olardı ki, ətraf da bir az müsbət olaydı. Məsələn, avtobus sürücüsü səhər salam versəydi, ya da aptekdə reseptsiz təbəssüm satsaydılar.
Amma nə deyək, müsbət düşün, müsbət yaşa, imkan versələr.

Alxas.

Oxunub: 22
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az