
BÖYÜK FƏLAKƏT
Fevralın altısı, gecə yarısı,
Böyük zəlzələnin sarsıntısından,
Oyandı insanlar çaşqın və qorxmuş. Qəhrəmanmaraşda fəlakət olmuş.
Yüz ilin ən böyük fəlakətini, Yaşadı Türkiyə bircə gecədə.
Bir anda dağıldı şəhərlərimiz, Yerlə yeksan oldu tüm evlərimiz.
Bu gün qan ağlayır torpaqlarımız,
Evsiz, eşiksizdir qardaşlarımız.
Dərdin dərdimizdir, kədərimizdir. Demək ki, bu bizim qədərimizdir.
Virandı şəhərlər, dağılmış kəndlər, Bu çökən binalar nədən danışır?
Artıq tamahdanmı, xəyanətdənmi?
Olmayan vicdandan, dəyanətdənmi?
Dağıntı altında qalmış insanlar, Heç nədən xəbərsiz məsum körpələr. “Nə oluyor”? - deyə, sual verirlər, Dağıntıdan çıxan çaşqın körpələr.
Türkiyə tək deyil, hamı burdadır - Xilasedicilər, əsgərlər gəlir. Könüllü insanlar yardıma gəlir, Bir çox ölkələrdən yardımlar gəlir.
Yenə ucalacaq böyük binalar, Yenə salınacaq böyük şəhərlər. Yenə gün doğacaq kəndlərimizə, Yenə açılacaq gözəl səhərlər.
Sevinməsin düşmən, başımız dikdir, Hələ ayaqdadır Türk övladları.
Əl-ələ, qol-qola birgə keçəcək, Bu çətin dönəmdən Türk övladları.
Başını uca tut, uca Türkiyəm, Vüqarın, qürurun sənə yar olsun. Keçər ağrıların, sağalar yaran, Böyük Türk dövləti daim var olsun!
Etibar. 14.02.2023.
Oxunub: 134
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az