
Ələvəz əmi ( Dadaş ).
Söz və hikmət simvolu.
Şamaxının seçilən ağsaqqallarından biri də Ələvəz əmi idi. Mənim üçün isə o, sadəcə ağsaqqal deyildi, ömrümə təsir etmiş, məni mənəvi formalaşdırmış, sözünün gücü ilə yol göstərmiş bir böyük şəxsiyyət idi.
Saatlarla söhbət edərdik. O, həmişə məsləhət verəndə səbirə diqqət çəkərdi. Deyirdi ki, səbir ən gözəl şeydir. İnsanın işi də, sözü də səbir üzərində qurulsa, həmişə ucalıq tapar. Onun hər öyüdündə bir hikmət gizlənirdi.
Ələvəz əmi Şamaxılı olmaqla fəxr edirdi və bizə də öyrədirdi ki, öz kökünə, nəslinə sahib çıxmaq gərəkdir. Onun bir sözü daim qulağımda səslənir ki, şamaxılı olmaq bir şərəfdir, bu adı qoruyun. Davranışınızda, əməl və sözlərinizdə bu ada xələl gətirməyin.
O, sadəcə tarix bilicisi deyildi, həm də nəsillərin nəslini tanıyan, köklərə bələd olan, hər bir ailənin hekayəsini bilən bir ağsaqqal idi. Eyni zamanda gözəl dini biliyə malik idi və din haqqında danışanda insanı düşündürəcək qədər dərin anlayışla söz açırdı.
Ələvəz əmi hər kəsin tanıdığı, hörmət bəslədiyi, nəsihətiylə yol göstərən bir insan idi. Onun sözləri də özü kimi saf, özü kimi təmiz idi.
Allah rəhmət eləsin Ələvəz əmiyə.. Ruhu şad olsun, məkanı cənnət olsun. Onun xatirəsi mənim üçün daim yaşayacaq.
Oxunub: 102
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az