Bizə çoxlu nağıl danışın.....



Bizə çoxlu nağıl danışın.....
Deyirlər, nağıl oxu, dərdin yaddan çıxsın. Amma mən oxuyanda əksinə, dərdim bir az da artır. Çünki indiki nağıllar bazar qaydaları ilə yazılır.
Cırtdan meşəyə niyə gedir. Əvvəlki kimi nənəsinə kömək üçün yox. İndi o da kiçik sahibkardır, odunu yığıb bazarda satır, sonra da vergi ödəyir.
Qırmızı papaq. Nənəsinə pulsuz piraşki  aparmaz. Əvvəl “Şərq bazarında” satıb qazanc götürməlidir, qalanını da kuryer xidməti  ilə göndərər.
Məlikməməd. Cinlə döyüşməyə ehtiyac yoxdur. Onsuz da alma bağlarına qoyulan vergilər bütün cinlərdən güclüdür. Hər il büdcəyə cinlərdən də çox gəlir gətirir.
Qoğal.
Onu da Qida Təhlükəsizliyi Agentliyi saxlayır. Sən laborator analizdən keçmədən uşaqların süfrəsinə çıxa bilməzsən, deyir.
Göydən üç alma düşdü.
Sən elə bilirsən ki, kimsə yeyəcək. Əvvəl yekaqarın kimsə, sonra vergi, sonra da bələdiyyə payını alacaq. Ən sonda isə adama bir çəyirdək qalacaq, onu da əkib vergi ödəməlisən.
Əjdaha isə heç nağıllarda yoxdu artıq. Onun işini sayğaclar görür. Su kranı açan kimi elə bilirəm ki, əjdaha nəfəs alır,  çax-çux, çax-çux. Ayın axrı sanballı qiymət gəlir.
Beləcə, cəmiyyət aldı əlimizdən uşaqlığımızı, nağılımızı. İndi bizim nağıl qəhrəmanlarımız  kreditləri, borcla, qiymət artımı ilə viruşur. 
Bəlkə də gələcəkdə yeni bir nağıl yazılacaq ki, 
bir var idi, bir yox idi, bir oba  var idi ki, hər şeyə dözdü, amma nağılsız qalanda ayılı. Bizə çoxlu nağıl danışın..

----------------------------------------------------------------------------------------------

Susmaq fəlsəfəsi, yaltaqlığın incə sənəti..
Deyirlər, ağıllı adam danışmaz, susar. Amma bizdə ağıllı adam susmaz. sadəcə yaltaqlıq edər. Çünki sən danışsan, nəyə lazımdır fikir bildirirsən deyə, başının üstündə bir balta açılar. Balta  də yox, bir çomağlı balta. İndi heç kimi , heç kimi baltalamır. Çomağlayandan sonra baltalayırlar.
Ən yaxşısı odur ki, kimsə nəsə deyəndə başını bulayıb, hə, düz deyirsən de. Lazım olanda əl çal, lazım olmanda da səs ver. Qalan hər şey boşdur. Onsuz da səni tarakan kimi əzəcəklər fərqi yoxdur fikir deyirsən, ya yox. Fikir deyəndən sonra, söhbət başlayır ki, sən haqq istədin, demaqoqsan.
Dözə  bilmirsən. Döz. Canın çıxır Çıxsın başında o dəli fikirlər. Onsuz da burda dözməyənlərin aqibəti bəllidir. Əsas odur ki, yaltaqlıq diplomun olsun. Amma arada içindəki əsəb, nifrət, tüpürcək qarışır və sən elə həyatın üzünə tüpürmək istəyirsən. Çünki adamın ağzı su ilə dolur o sudan təmiz bir damcı da bu reallıqda yoxdur.
Deməli, nəticə budur ki, susmaq bəzən qızıldır, amma bəzən susmaq, əzilmiş tarakanların fəlsəfəsidir.

----------------------------------------------------------------------------------------------------

Yumşaqların üsyanı, su, sevgi və satira
Herman Hesse demişdi ki, yumşaq sərtdən güclüdür. Su qayadan güclü, sevgi zorbalıqdan güclüdür.
Bu fikri oxuyanda bir anlıq gözümün önünə bu gəldi ki, qaya dərin fəlsəfi fikirlərə dalıb, deyir ki, axı mən sərtəm, mən əzilməzəm, su isə asta-asta qayanın sinirini pozur, deşir, parçalayır. Nəticədə qaya psixoloqa getməli olur.
Əslində bu fəlsəfi deyimin həyatımızda konkret nümunələri çoxdur.
Yumşaq danışan məmur bəzən öz işinin xatirinə sərt qaydaları pozub, mehriban olur, istədiyini keçirir. Səndə bunun şirin dilinə aldanıb, sakitcə nağıla qulaq asıb yollanırsan evinə.
Su kimi axan qiymətlər isə qayadan möhkəm olan maaşlarımızı hər ay azaldır. Dolana bilmirsən.
Bəs sevgi.O da çox vaxt zorbalıqdan güclüdür ən azından, sosial şəbəkədə ürək qoymaq blok düyməsindən daha təsirlidir. Yada ailə quranda tısbağanı sənə huri mələk adı ilə soxub, möhkəm ailə tələb edirlər.
Amma gəlin etiraf edək ki, Hesse kopayaoğlu  bəlkə də yumşaqların gücünü az da olsa şişirdib. Çünki real həyatda bəzən qaya qalır yerində, su isə susuzluq fondunda gözdən itir. Sevgi isə bəzən zorbalıqla yanaşı mövcud olur ki, biri zorla üstünə gəlir, o biri də deyir ki, amma mən səni sevirəm. 
Əgər yumşaq olmaq sərtdən güclüdürsə, onda biz niyə hələ də sərt rektorların, sərt qaydaların, sərt yolların və sərt şərtlərin qarşısında yumşalaraq əzilirik. Yəqin ona görə ki, su kimi axmağa çalışırıq, amma suyun yolunu hər dəfə qənaət rejimi bağlayır.
Həyat bir az su kimidir, amma hər dəfə su gələndə qəfil kəsinti olur. Sevgi isə həqiqətən zorbalıqdan güclüdür, ancaq problem ondadır ki, zorbalıq sevgiyə tez-tez rast gəlirik.

Alxas Məmmədov.

---------------------------------------------------------------------------------------------


Oxunub: 48
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az