Alxasdan.....




Tualet izni dramı.
( Təxmini 5 ilin real olan söhbətidir. Məndə biraz satira qatıb yazıram )
Deyirlər, insanın üç əsas ehtiyacı var, yemək, su və  tualet. Mən də bu ehtiyacı qarşılayım dedim, qapıdan təxmini 10 metirıikdə bir  kiçik bir tualet tikmək istədim. Səbəbidə vardı. Amma hardan biləydim ki, mənim ehtiyacım kimlərsə ən mürəkkəb bürokratik tapmacasına çevriləcək.
Əvvəlcə  nümayəndəliyə  getdim. Dedi ki, bu məsələ ondan asılı deyil, yuxarı yönləndirdi. Ordada dedilər ki, əvvəl torpaq idarəsinə müraciət elə. Torpaq idarəsi isə soruşdu ki, sizdə arxitektura idarəsinin rəsmi sxemi varmı.
Dedim ki, qardaş, mən sadəcə tualet tikmək istəyirəm, göydələn yox.
O isə çox ciddi şəkildə cavab verdi ki;
- Fərqi yoxdur, kağıza  yazılıb ki, hər bir tikili üçün layihə və eskiz təqdim olunmalıdır.
Mənim xəyalımda isə artıq mühəndislər beşmərtəbəli tualet planını cızır, liftini hesablayır, fasadını Avropa standartlarına uyğun rəngləyirdilər.
Əslində məsələ daha da gülməli idi. Bir dostum şikayətləndi ki, onların ev elə yerdə yerləşir ki, gələn-gedən düz qapının ağzında təbii ehtiyacını ödəyir. Adam dedi ki, qardaş, vallah bezmişik. Gündə bir dənə sürprizlə qarşılaşırıq, qapını açan kimi qarşıda təbii peyzaj hazırdır. Adamlara baxıb qapıya itlərdən dadanıblar.
Mən də fikirləşdim ki, ay yazıq millət, heç olmasa qapının qabağında əziyyət çəkməsin. Qoy, gedib bir 10 metr o yanda mədəni şəkildə işini görsün. Niyyətim xalis xeyirxahlıq idi ki, xalq üçün tualet,  bir növ sosial layihə.
Amma bürokrat sistemi bunu belə qəbul etmədi. Kağız-kuğuz, möhür, imza, eskiz. Elə bil kosmodrom tikirəm, yoxsa nə.
Sonda başa düşdüm ki, bu məmləkətdə tualet tikmək üçün ən azı 12 möhür, 6 imza, 4 razılıq məktubu və bir az da tanışlıq lazımdır. Ona görə hələ də qonşunun qapısına yaxın yerdə  oturacaq var, tualet yoxdur. Onların açığına həmən yerdə üç ağac kişilər üçün, iki kolda xanımlar üçün bio- tualet əkdim. İndi ağaclardə böyüyüb, kollarda inkşaf edib. Gəlin- gedəndə razı.
Qonşular da məni görüb deyirlər ki;
-  Bu qədər iş-gücün içində niyə tualet dərdi çəkirsən ki.
Mən də cavab verirəm ki;
-Mən tualet tikmirəm, mən bürokratlar içində öz səbrimi nə qədər sınaya biləcəyini ölçürəm.

---------------------------------------------------------------------------------------------------------

Yalanın qiyməti, doğrunun cəzası.
Biz böyüyəndə bizə öyrətdilər ki, uşaq yalan danışmaz. Amma böyüdükcə gördük ki, cəmiyyətimizdə ən hörmətli, ən böyük kürsülərin açarı məhz yalan danışmaqdır.
Doğru danışan isə? - Onu ya “sadəlöhv” adlandırırlar, ya da küncə sıxışdırıb sən heç nə başa düşmürsən deyirlər. Görürsən, kim daha çox söz verir, heç birini də yerinə yetirmir, əslində hörmətli şəxs kimi təqdim olunur. Onun hər yalanı yeni zəka nümunəsi kimi qiymətləndirilir. Guya bizi  aldatmaq xüsusi məharət , dostu aldatmaq biznes strategiyası, sevgilini aldatmaq isə romantik təcrübədir.
Hətta bir gün doğru danışmağa cəsarət edən biri olsa, hamı təəccüblənir ki, bu adam niyə belə açıq danışır, görəsən dəli deyil ki. Mövlanə deyirdi ki;
 - İnsanı insan edən sözdür. Bizdə isə insanı böyük edən yalan sözdür.
Ən maraqlısı odur ki, yalanı üzünə deyəndə belə utanmırlar, sadəcə gülümsəyib deyirlər ki, o başqa sözdür...

-------------------------------------------------------------------------------------------------

Hər şey keçir bu dünyadan...
Dünya fani bir məkandır. Yəni ağ yalan. Cansız əşyalara görə canımızı veririk. Bu gün varıq, sabah isə yoxuq. İnsan həyatının ən acı həqiqəti də budur ki, hər şey keçir, gedir bir başağrısı sənə qalır.  Sevinclər də, kədərlər də, sevgilər də, itkilər də zamanın axarı içində əridilib aparılır. Hardadı indi sevimli atan və anan.
Yağış damlaları torpağı necə dəyişirsə, zaman da insanı və həyatın bütün mənzərəsini eləcə dəyişir. Dünən gülən gözlər bu gün yaşla dolur, dünən qurulan arzular bu gün unudulur.
Bəlkə də, bizi ən çox düşündürən budur ki, niyə gəldik və niyə gedirik. Cavab sadədir, biz sadəcə bu dünyanın qonaqlarıyıq. Qısa bir yolçuluq üçün buradayıq. Gəlişimizlə sevinənlər olur, gedişimizlə kədərlənənlər. Amma sonunda hər kəs eyni həqiqətlə üz-üzə qalır, biz gəldik və bir gün də gedəcəyik.
Bütün bu həqiqətlər insana həm kədər, həm də dərs verir. Çünki hər şeyin ötəri olduğunu bilən insan, qalan ömrünü daha dəyərli yaşamağa çalışar. Axı hər gün, hər an, hər nəfəs geri dönməzdir.
P.S- Bu məqalənin yazılmasının əsas səbəbkarı mənim maaş kartımdır. İtirmişdim axır ki tapdım...

Alxas Məmmədov.





Oxunub: 28
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az