"Danış ki, mən səni görə bilim." deyirdi Sokrat.
Amma indi elə bir dövrdəyik ki, danışmadan da görünmək olur. Sosial şəbəkələrdə bir şəkil paylaş, altına üç smaylik qoy, vəssalam, artıq filosofsan.
Halbuki, əslində danışmadan heç kim lider ola bilməz. Liderin gücü ordusunda, kreslosunda, vəzifəsində deyil, sözündədir. Çünki söz insanı ya ucaldır, ya da batırır.
Bir kəlməlik danışığı ilə tarix yazanlar da olub, bir cümləsi ilə özünü gülünc edənlər də.
Amma gəlin görək, indi danışmaq nədir ?
- Biri susur, amma çox danışır.
- Biri çox danışır, amma heç nə demir.
- Biri isə az danışır, amma hamı susub onu dinləyir. Bax, liderlik də budur.
Əgər sözünlə kütlələri hərəkətə gətirə bilmirsənsə, qələminlə ruh verə bilmirsənsə, səssizliyindən belə mesaj çıxmırsa sən lider yox, sadəcə kütlənin içində itmiş adamsan.
Yəni, danışmaq sadəcə səs çıxarmaq deyil, var olmağın sübutudur.
Sokratın sözü hələ də aktuallığını saxlayır: “Danış, mən səni görə bilim.”
Çünki sözün yoxdursa, sən də yoxsan.
P.S- Birdə bəziləri profil şəkli belə qoymaqa qorxur, nəyin ki, adam yazmağa...
---------------------------------------------------------------------------------------
Düşəndə ümidi, qalxanda insanlıqı itirmə.
Son vaxtlar bazarlarda qiymətlərin qalxmasından çox, insanların qalxanda insanlığını itirməsi müzakirə olunur. Ekspertlər deyirlər ki, insanlıq artıq bahalaşıb, anbarlarda az qalıb. Kimi itirib, kimisi isə heç vaxt tapmayıb.
Ən maraqlısı odur ki, insanlar çətin günündə ümid adlı məhsulu da qıtlıq siyahısına salıb. Çörək tapılmasa da olar, amma ümid tapılmasa… Yaxşı, kimdir ümid satan.
Bəzi alimlər isə hesab edir ki, insanlıq bir növ sezon malıdır, seçki vaxtı çoxalır, qalan günlərdə isə anbarlarda gizlədilir. Qonşuya salam vermək belə kreditlədir. Əlbəttə, bu yazını oxuyanlar deyə bilər ki, Bəs çıxış yolu nədir. Çıxış yolu çox sadədir, düşəndə cibindən ümidini, qalxanda isə ciblə birlikdə insanlığını itirmə. Çünki həyatın ən sərfəli endirimi budur oda insan qalmaq.
-------------------------------------------------------------------------------------
Bizim məhlədə universal bəraət sözləri var, dəymə, hələm uşaqdır. Uşaq qonşunun şüşəsini sındırdı, uşaqdır. Maşının üstünə daş atdı, uşaqdır. Böyüyə get işinlə məşğul ol dedi, yenə də uşaqdır.
Amma maraqlısı odur ki, bu uşaqlıq anlayışı yaşla ölçülmür. İstər 5 yaşında olsun, istər 25-də, fərqi yoxdur. Yetər ki, kiminsə xoşuna gəlməyən bir iş eləsin, dərhal müdafiə qalxır ki, dəymə, hələm uşaqdır.
Halbuki, uşaq elə uşaqlıqdan öyrənməlidir qayda-qanunu. Balacalıqdan bilməlidir ki, yadın malına əl vurmaq olmaz, böyüyə söz atmaq ədəb deyil, qonşunun haqqına girmək günahdır. Əgər hər dəfə keç getsin, uşaqdır deyib göz yumuruqsa, sabah o uşaq böyüyüb cəmiyyətin başına çıxanda bizə kim deyəcək ki, dəymə, hələm böyüməsi.
Əslində, dəymə, hələm uşaqdır cümləsi tərbiyəni yubatmaq, məsuliyyəti qacmaq üçün ixtira olunmuş sehrli düymədir. Amma unutmayaq ki, vaxtında basılan düymə işığı yandırır, vaxtsız basılan isə evdə qısaqapanma yaradır.
Uşağa qayda qanun öyrətmək pis iş deyil, əksinə, ona sabah üçün dayaq qurmaqdır. Göz yummaqla böyüyən uşaqlar sabah cəmiyyətin uzunqulağı olacaq.
Ona görə də, gəlin bir az şüarı dəyişək ki, dəymə, hələm uşaqdır yox, elə dəyki, böyüyəndə unutmasın.
P.S- Qurban olum sənin şillənə ay dədə.
Birdə bunu mən deyirəm ki, səfi olub, şillə görməyən oğuldan kişi olmaz.
----------------------------------------------------------------------------------
Fürsət, insanın imtahanı..
Fürsət insana hər zaman verilmir. O, bəzən qapını yavaşca döyür, bəzən də tufan kimi gəlir. Hər kəsin qarşısına fürsət çıxır, amma hər kəs ondan eyni cür istifadə etmir.
Kimisi fürsəti elmə çevirir, kimisi xeyirxahlığa, kimisi də xalqın yoluna. O fürsətdən doğan işıq həm sahibinə, həm də cəmiyyətə nur saçır. Bu, yaxşı mənada fürsətçilikdir.
Amma fürsəti yalnız şəxsi mənafeyinə çevirənlər də var. Onlar başqasının haqqından yapışır, imkansızın çörəyini yeyir, vəzifədən öz cibinə yol açır. Belə fürsətçilik insanı yüksəltmir, əksinə, yerin dibinə aparır. Çünki fürsətdən sui-istifadə edən adamın siması cəmiyyətdə solur, adı hörmətdən düşür.
Fürsət insanın əlində sınanmış bir güzgüdür. Əgər niyyət təmizdirsə, güzgüdə nur görünür. Əgər niyyət qaradırsa, güzgü qırılır, parçalanır. Hər fürsət bir imtahandır. Allah insana o fürsəti verir ki, seçim etsin, yaxşıya, yoxsa pisə.
Ona görə də fürsəti ələ keçirəndə düşünmək gərəkdirbkj, mən bu fürsəti insanlıq üçünmü, yoxsa yalnız özüm üçünmü istifadə edirəm. Çünki fürsətin qiyməti nəticəsində gizlənir.
-----------------------------------------------------------------------------
Qadını ucaldan dəyər, namus
Tarixən qadının dəyəri və ucalığı namus anlayışı ilə ölçülüb. Burada namus yalnız ailə sədaqətini deyil, həm də mənəvi saflığı, əxlaqı, ləyaqəti və dürüstlüyü ifadə edir. Namuslu qadın:
-ailəsinin şərəfini qoruyur,
-övladlarına sağlam tərbiyə verir,
-cəmiyyətin əxlaqi dayaqlarından birinə çevrilir,
-hörmət və etimad qazanır.
Namus qadının şəxsiyyətinə dəyər qatan, onu başqalarının gözündə ucaldan mənəvi dayaqlardan biridir.
---------------------------------------------------------------------------
Oxunub: 44
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az