Ölüm... bir canlı varlığın sonudur. Ani baş verir, amma hamı elə bilir ki, buna hazırdır. Hə, hazıram deyirsən. Yalandır. Heç kim ölməyə hazır deyil.
Çünki arzular, istəklər, borclar, kreditlər, dost söhbətləri hamısı orda, yarımçıq qalır.
Şüurlu varlıqların (yəni biz insanların) ölüm xəbəri tez yayılır. İlk eşidənlər qohumlar olur, bəziləri səmimi ağlayır, bəziləri sadəcə roluna girir. Maska taxır, göz yaşını da selə çevirir. Amma ürəyində gülür.
Səndən xəbərsiz hamı səni tərifləyir. Allah rəhmət eləsin, çox yaxşı insan idi.
Amma sən bu təriflərə layiq idinmi?
Vaxtilə pulunla, vəzifənlə, tanışlığınla kimə kömək etmisən ?
Bəli, deyəcəksən ki, o vaxt filankəsə kömək etmişdim. Yalansa, pulun alıb iş görmüsəndə.
Amma ümumilikdə bəs eləmir.
Unutma, bəzən hörmətin itirilməsinə də ölüm deyilir.
Bir insanın ölümünü anlamaq üçün onun necə yaşadığına baxmaq kifayətdir.
Bəzən düşünürsən ki, bu planetdə belə bir insanın yeri yox imiş.
Bəzən də hayıf belə insandan deyirsən çünki az olur belələri.
Həyatın dəyərini o zaman anlayırsan ki, geri qayıtmaq istəyirsən.
Amma olmur. Qayıdış bileti tək istiqamətlidir.
Ürək dediyin orqan bəzən sevir, bəzən nifrət edir, bəzən də susur.
Amma ən səmimi vaxtı iki haldadır,
bir, yaxınlarına ürəyini açanda,
iki, can verəndə.
Etiraf, həyatın son mərhələsidir. Amma baxır kim etiraf edir, nəyə və kimə. Elə isə ürək sadəcə ətli orqan deyil, həm də insanın ölümə qədər daşıdığı yeganə səmimiyyətdir.
-------------------------------------------------------------------------------------------------------------
Efir gəlinləri və qeyrət sponsorları.
Efirdə bir oğlan evlilik təklifi edirdi elə romantik, elə hiss doluki, mən də oturub düşündüm ki,
bu məmləkətin kişilik anlayışı layk sayınamı qalıb?
Əvvəllər oğlanlar vətən üçün can verirdi, indi efir üçün qeyrət verir.
Əvvəllər saçını külək dağıdardı, indi blondinka ustası.
Anası zəng edir ki;
- A bala, gəl evə.
O isə deyir ki;
-Ana, mən efirdəyəm, sevgi üçün savaş gedir, arvad alıram. Birazda mədəni deyim, ailə qururam. Ay oğr... sən alırsan, sonra məhlə kef edir..
Tüpürdüm sənin qeyrətinə.
Dədə o tərəfdən baxır, remeni əlində titrəyir o remenlə bu gəncləri bir dəfə yox, bir əsr döymək lazımdır ki, ağlı başına gəlsin.
İndi gənclər aktyor deyəndə qeyrətini, prodüser deyəndə dəyərlərini reklamda qoyur.
Pul var şərəf yoxdur.
İndi millətin qeyrəti sponsorluq müqaviləsindədir.
Belə getsə, ayıb deyilən bir söz qalmaz, ancaq baxımlı trendlər. Vallah, üzürlü sayın, deyəsən belə getsə, toy kasetləri sonunda toy gecəsində bitəçək.
Bütün bunların nəticəsində yeni bir millət formalaşır, oğraşlaşan intellektual nəsil.
Sadəcə fərq ondadır ki, onlar özlərini kontent yaradıcısı adlandırırlar.
P.S- Özümdə bilmədən yeni trend söz yazdım, oğraşlaşan intelektual nəsil....
-------------------------------------------------------------------------------------------------------------------
Deyəsən vegeterian olacağıq.
Qiymətlər elə ot tutub yanır ki, biz də az qalırıq otlamağa. Diyeta artıq dəb yox, həyati vacib məsələdir. Əgər yaşamaq istəyirsənsə yemə, içmə, toya getmə, ad günü keçirmə.
Yox, ölmək də olmaz qaqam. Çünki bəzi məsələlərdə sənə hələ ehtiyac var. Nədə, deyə soruşursan? Ə, ağlın olsa özün başa düşərsən, mən yazsam gərək baş ağrısı dərmanı cibimdən əskik olmasın.
Bir aylıq minimum maaş. O da ancaq minimum qidaya və ya ucuz dərmana çatır. Yerdə qalanı isə havanın dadı olur.
--------------------------------------------------------------------------------------------------------------------
Ayə, sənin kişilikdə payın yoxdur.
( Bunu dünən birinə demişəm )
Düz eşitdin, yoxdur. Cəmiyyət bunu boş yerə demir. Adətən bu söz nankörlərə, rüşvət yeyənlərə, şərəfsizlərə deyilir. Kişilik vicdanın, mərdliyin, sözə sədaqətin, namusun payı ata-babadan keçən bir mirasdır. Amma sən. Sənin payın tamamilə boşdur.
Sənin babandan düşən yalnız cüzi miras deyil, təkcə günahdır. Ata-babandan sənə yalnız kölgəsi düşüb, özü isə hərəkətləri ilə kişiliyi yandırıb kül edib. Oğul olaraq dünyaya gəlirsən, amma sənə mərdlikdən, namusdan bir tikə də pay düşmür.
Cəmiyyət səni görür. İnsanlar danışır. Amma sən yenə özünü məqbul hesab edirsən. Sənə elə gəlir ki, hər şey yolundadır, amma gerçəklik acıdır, sən kişilikdə boşqabdan da kəsildin. Hər sözün yalan, hər hərəkətin rüşvət izi ilə dolu. Vicdanın səninlə deyil, amma sən bu haqda düşünmür sən, sanki dünya sənin məkanda dönür. Sən bir örnəksən, özünü kimilərə. Nankorluq da, şərəfsizlik da bir miras kimi ötürülüb, atandan sənə. Kişilik payı ata-babadan gəlir, amma sən onu ala bilmədin, çünki onu ala biləcək ədalət, mərdlik, namus sənin üçün itmişdir. Hər addımın, hər baxışın cəmiyyətə bir dərs verir ki, kişi belə olmamalı.
Ayə, sən yalnız bir insan deyilsən, sən oğluna, qızına bir pis nümunəsən. Nümunə ki, kişi necə olmamalı, kişi necə ayaq altına düşməməli, necə cəmiyyətdən, ailədən utanmamalı. Sənin kişilik payın yoxdur və boşuna gözləmirəm. Günah dədəndədir, babanda, amma səndə yox. Sən günahla doğulmusan.
--------------------------------------------------------------------------------------------------------------
Məktub.
Divardakı şəkildən baxırsan mənə.
Şəkildən baxırsan mənə. Gözlərində o tanış istilik, o tanış baxış var, amma sən orada canlı deyilsən. Bu, həyatının bir anıdır gülürsən, baxırsan, amma o nəfəs, o can artıq mənə çatmır. Sensiz çox darıxıram. Hər dəfə o şəklə baxanda sanki bir anlıq səni yenidən görürəm. Gözlərimdə yaş, ürəyimdə həsrət olur. Hər baxışımda bir ümid doğulur, bəlkə bu dəfə şəkildən çıxıb gələcəksən, bəlkə qapı döyüləcək, bəlkə səsin eşidiləcək…
Amma yox. Yalnız sükut var. Sənin yoxluğunla danışan sükut. Bu şəkil mənim üçün bir xəzinədir. Orada sən varsan, orada gülüşün var, orada xatirəmiz yaşayır. Mən isə bu xatirələrlə nəfəs alıram. Təsəllim şəkil oldu, sığınacağım xatirə.
Hardasan, bilirəm. Hardasa, mənim dualarımda, yuxularımda, hər gecə baxdığım ulduzlarda varsan. Bəlkə də biz bu dünyada bir daha görüşmədik. Amma inan, mən çoxdan sənin yanına gəlmişəm. Ruhum səninlədi.
Unutma ki, səni hələ də gözləyən biri var...
Bu dünyada olmasa da, o biri aləmdə görüşəcəyik, mən buna inanıram.
Alxas.
Oxunub: 60
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az