Rəhmətlik nənəm..



Rəhmətlik nənəm..
Necə gündür ki, rəhmətlik nənəm yuxumdan çıxmır. Yazıq arvad hey gəlib-gedir, elə bil sosial şəbəkədə aktivdi. Mənə nəsə demək istəyir, amma yaxınlaşan kimi  pufff, yox olur. Geyindiyi o qara, uzun donunda gəlir, sanki kəndin mod jurnalı orda bitib.
Harda gəzim səni, ay nənə ?
Uşaq vaxtı nənəmizin elə bir tərbiyə nüfuzu vardı ki, Pavlovun itləri belə onun zəng səsinə hörmət edərdi. Yemək vaxtı o qədər dəqiq idi ki, elə bil kəndin saatını arvad idarə edirdi. Bir əlində oxlov, bir əlində dürmənc, nizam-intizamın Lenin ordenli mühafizəsi kimi. Sonradan bildim ki, bu metod Bismarkın Almaniyanı birləşdirməsində böyük rol oynayıb. Elə bəlkə də, rəhmətlik nənəm gizli ultra-sosialist idi, nəbilim vallah.
Bizim tərbiyə sistemində üzüm ağacından yonulmuş yun çubuğuda mühüm tədris vasitəsi idi. Biz arada bu inkvizisiya alətlərini oğurlayıb gizlədirdik, amma nə fayda, arvad kəndin tut ağacını da səfərbərliyə çağırırdı. Səhər yeməyimiz yuxulu keçərdi. Qorxudan yumurtanı yeyirdik, amma harada yeyirdik, onu bilən yoxdu. Günorta şor, nənəmin nehrə yağı, təndir çörəyi, ya da yağlı fəsəli olardı. Axşamlar isə dolma, kənd toyuğu supu, bir az da dua. Amma gecələr biz yatmayanda, nənəm XTQ əməliyyatı kimi yaxınlaşar, əlində o mərdimazar tut ağacı, iki sanballı söz atəşi ilə evdə sükunət bərpa edərdi. Evin iyi hələ də burnumdan getmir,  təndir çörəyi, nehrə yağı, bir az da qorxu qoxusu.
Bulağa suya getmək bizim üçün əsl mərasim idi. Mən kök olduğum üçün, mənə xüsusi dəmir vedrə verilmişdi, elə bil kəndin iqtisadi yükünü mən daşıyırdım. Anam nənəmə deyərdi ki;
- Ay ana, bu uşaq sənin əlində öləcək.
Anamı görən kimi, mən zırıldayıb anamın üstünə qaçardım. Amma nənəm elə bir Ərəbzəgidi ki, uşağı anasından alıb, vedrəni əlimə verərdi. Bulaqda arvadın sifəti dəyişərdi, bir anlıq mələk kimi olardu. Kənd arvadlarına bizi tərifləyə-tərifləyə, bunlar kişi olacaq, görərsiz,  deyərdi. Düşünürdüm, bəlkə bulaqda yaşasaq, nənə bu qədər əsəbiləşməz. Amma bulaqdan çıxan kimi nənəm dəyişirdi, sanki Zevs ildırımını axtarırdı. Axşamlar nənəm nağıl danışardı. “Qoğal”, “Məlikməmməd”, “Simurq quşu”... Sonradan bildim ki, arvad bu xalq ədəbiyyatına öz əlavələrini də edirmiş. Plagiat dediyin budur da. Məsələn, mən yatmasam, guya cin gəlib aparacaq.. Ya da Məlikməmməd soyuducuda oturub ki, biz vareniya oğurlamayaq. Kim nənə sözünə baxmasa, Simurq quşu dimdiyi ilə vuracaq, çörək yeməsək, div bizi udacaq. İndi başa düşürəm ki, həyat elə o nənə nağıllarının içindəymiş. Allah bütün nənələrə rəhmət eləsin.
Şükür Allaha, mənim nənəm bu səviyyəsiz verilişlərə çıxıb özünə ər axtarmadı.

Alxas.

Oxunub: 59
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az