Zaman dəyişir, amma arzuların böyüklüyü ilə imkanların kiçikliyi arasındakı uçurum elə bil bir millətin milli atributuna çevrilib. Bu reallığın parlaq satirasıdır ki, arvad
mən deyirəm əynimə şalvar ala bilmirəm, sən deyirsən ayfon 17 istəyirəm.
Əslində bu cümlə, XXI əsr insanının imkanla istək münasibətinin poetik xülasəsidir. Bir tərəfdə maaşdan-maaşa yaşayan və bazarda endirim qovlayan sadə vətəndaş, digər tərəfdə isə həyatın mənasını yeni model telefonda axtaran romantik istehlakçı.
Ayfon, statusun ölçü vahidi
Artıq telefon sadəcə rabitə vasitəsi deyil, sosial iyerarxiyanın simvoludur. Kiminsə cibində ayfon 17 varsa, deməli o, öz kəndinin, məhəlləsinin, bəlkə də nəslin kraliçasıdır. Halbuki digər tərəf hələ də 2021-ci ildə aldığı təmir görmüş Samsungla vatsapa güclə girir.
Belə olanda şalvar ala bilməmək artıq maddi yoxsulluq deyil, emosional məğlubiyyət olur. Cəmiyyət səni yox, cibindəki modeli qiymətləndirir. Kimin ayfonu varsa, onun üzü ağdır.
Cəmiyyətdə iki obrazı bir az müasir dildə təsvir etsək, oğlan borc içində boğulan bir gənc, qız isə selfielərdə parlayan, lakin mənə layiq olmayan oğlan deyə status yazan sosial media qəhrəmanıdır. Oğlanın əlində sevgi, qızın gözündə isə kreditlə alınacaq arzular parlayır.
Biri şalvar, digəri ayfon istəyir və bu iki istək bir ailə büdcəsinə sığmır. Amma kim deyib ki, sevgi iqtisadiyyata tabe deyil
Bəli, bu satirik səhnə gülməlidir, amma acı gülüş doğurur. Çünki gerçək həyatda da çoxlarımız əlində olanla razı qalmaq yerinə əlçatmaz olanı arzulamaq sindromu yaşayırıq.
Bəlkə də əvvəlcə o şalvarı almaq, sonra isə arzuların ciblə yox, ürəklə ölçüldüyünü anlamaq vaxtıdır.
Alxas Məmmədov.