
Şəkərli Novruz, şirin bayramın acı sonu.
Novruz gəlir, hamı sevinir. Kimin evindən şəkərbura qoxusu gəlmirsə, qonşular narahat olur, Ay qız, sizdə ocaq sönüb nədi, deyə soruşurlar. Sanki şəkərbura bişirməyən ailə millətdən çıxır.
Qoz doğranır, şəkər tozu ələnir, kətə, qoğal, paxlava bişirilir, bir sözlə, mətbəx şəkər zavoduna dönür. Amma bir həftə sonra tibb məntəqəsində növbə. Qan analizinə gəlmişdik, axı şəkər bir az qalxıb.
Biz azərbaycanlılar bayram süfrəsini açanda elə bil yarış gedir, kim daha çox bişirəcək. Nəticə isə məlumdur, üç gün bayram, dördüncü gün poliklinika.
Əziz bacılar, qardaşlar !
Biz bu Novruzu sevirik, çünki o bizim milli dəyərimizdir. Amma gərək unutmayaq ki, milliliklə diabet arasında fərq var!
Əgər hər bayramda 3 kilo paxlava yeyib sonra “mən bilmirəm niyə şəkərim qalxır” deyiriksə, deməli, biz hələ öz milli şüurumuzu bişirməmişik.
Bilirəm, şəkərsiz Novruz olmaz deyəcəksiniz. Amma bir az azaltsaq, heç kim millətdən çıxmaz.
Əvəzində uşaqlarımız daha çox sevinər, nənələrimiz dərman deyil, çay içər, biz də bayramdan sonra pəhriz deyib özümüzü incitmərik.
Novruz tonqalı yalnız torpağı deyil, həm də beynimizi oyatsın.
Əsl milli dəyər, sağlam qalmaqdır.
Şəkəri azaldın, sevincinizi yox.
---------------------------------------------------------------------------------------------------------------
Populyarlığın sirri, elmi iş yox, dua yaz.
Bu gün internetdə, xüsusən də sosial mediada və xəbər saytlarında bir həqiqət aydın görünür ki, kim elm, maarif, ədəb və mədəniyyət haqqında yazırsa, çox vaxt az oxunur. Amma kim dua paylaşır, kim baxıcılıqla məşğuldur, onun ardınca kütlə yaranır. Sanki insanlar gerçək bilikdən çox, təsəlli axtarırlar.
Əgər yazıların oxunsun, ətrafında kütlə formalaşsın istəyirsənsə, nə elmi məqalə yazmağa, nə də roman yaratmağa ehtiyac var. Cəmi dörd-beş cümləlik möcüzə dua paylaş və gör necə izləyici sayı artır. Bu, müasir medianın acı, amma real mənzərəsidir.
Təəssüf ki, bir çox istedadlı yazarlarımız, müəllimlərimiz, ziyalılarımız dərin, dəyərli yazılar yazarkən oxucu tapmır. Amma bir baxıcı, bir falçı və ya dua ustası minlərlə paylaşım alır. Bu, cəmiyyətin informasiya zövqünün hansı səviyyədə olduğunu göstərir.
Bəlkə də bu vəziyyət bizi düşündürməlidir ki, niyə maarif deyil, möcüzə axtarırıq. Niyə oxumaqdansa inanmağa üstünlük veririk.Cavab sadədir, çünki dua tez təsəlli verir, amma elm zəhmət tələb edir.
P.S- Məndə dua və cadu yazmağa başlayıram.
------------------------------------------------------------------------------------------------------
Milli dəyərimiz, sevinməmək mədəniyyəti....
Bizim elin özünəməxsus milli dəyərimiz var, bir-birimizin uğuruna sevinməmək.
Kimsə nəsə eləsin, dərhal içimizdəki tənqid eksperti oyanır. Adam iş tapır, biz başlayırıq ki, hə, dayısı kömək elədi yəqin.
Maşın alırıq, kreditdi, hələ bax gör necə ödəyəcək.
Diplom alırıq, pulnan alıb yəqin, indi kim oxuyur ki.
Evlənirik, qızın nəyinə getdi görəsən.
Yəni bizdə sevinmək üçün səbəb çoxdur, amma sevinən yoxdur.
Çünki sevinmək bizə yaraşmaz. Biz, çox ciddi olmuşuq.
Adam qəzaya düşür, yanına gəlirik və deyirik;
- Bəxtəvərsən, pis ola bilərdi.
Amma içimizdən keçir ki, kaş maşın da düzəlməz olaydı, gör necə danışırdı axı.
Evdə arvadla mədəni danışırsan, deməli, qorxur.
Küçədə birinə xanım deyirsən, aşiq olub yəqin.
Ayaqyoluna tez girib çıxırsan, sağlamdı.
Bir az gec qalırsan problem var yəqin.
Yəni biz elə xalqıq ki, yaşa, amma analizsiz yaşama.
Toy edirsən, bax gör kimlər gəlib, kim gəlməyib.
Qonaqlığa gedirsən, yeməyi çox yedi, utanmadı.
Az yesən, burun qaldırıb, yeməyi bəyənmədi.
Sözün qısası, bizdə hər şey müzakirə olunur, hətta səssizlik belə şübhə yaradır.
Sakit dayanırsan, “nəsə plan qurur bu.
Gülürsən, dəli olub yəqin.
Ağlayırsan reklam edir, özünü, göz qaytarır.
Ən maraqlısı, kiminsə uğuru olanda bizdə avtomatik qəlb səslərimiz işə düşür ki;
- Ona bax, elə bil tək o işləyib.
- Biz də edə bilərdik, sadəcə vaxt tapmadıq.
- Yaxşıdı da, hələ bir az görək, bu tempdə davam edə biləcəkmi.
Yəni bizdə heç kim yaxşı ola bilməz. Çünki yaxşı olmaq özü artıq günah sayılır.
Amma bir təsəlli var ki, bütün bunlara baxmayaraq, biz bir-birimizi çox gözəl tanıyırıq. Hətta bəzən o qədər tanıyırıq ki, adam özü-özünü tanımır, amma qonşunu tanıyır.
Və elə buna görə də, bəlkə də, bizim ən böyük milli dəyərimiz bu sevinməmək mədəniyyətidir. Çünki bu mədəniyyət olmasa, kim kimdən danışardı, kim nəyi müzakirə edərdi ?
------------------------------------------------------------------------------------------------------
Atalar Sözü laboratoriyası. Ataların mırt tutması.
İnsan bəzən atalar sözlərini oxuyanda fikirləşir ki, görəsən, bu kəlamlar hansı şəraitdə yaranıb?
Məsələn, asta qaçan namərddir deyiblər, bir az sonra da tələsən təndirə düşər əlavə ediblər. İndi biz qaçaq, yoxsa təndırın soyumasını gözləyək?
Bir tərəfdən səbir acıdır, meyvəsi şirin deyirlər, o biri tərəfdən də dəmiri isti-isti döyərlər. Bəs indi bu dəmiri soyuyana qədər gözləyək, yoxsa səbirli olub əlimizi yandıraq.
Üstəlik, kişinin sözü birdir deyiblər, sonra da atalar sözü üçdən deyib. Görünür, ya o kişi çox danışıb, ya da atalar arasında redaktor çatışmazlığı olub.
Əslində, bu cür ziddiyyətlər həyatın özüdür. Bəzən yavaş getmək müdriklik, bəzən isə fürsəti qaçırmaq deməkdir.
Ağıl yaşda deyil, başdadır deyiblər, amma qoca qarıdan gənc öyüd alda var. Görünür, atalar demək istəyiblər ki, ağıl da, yaş da, baş da bir yerdə olmasa, işimiz çətin olacaq.
Sonda belə bir nəticəyə gəlmək olar ki;
- Atalar sözləri həyat dərsidir, amma hər dərsin cavabı testdə eyni olmur. Kim tələsir, kim dayanır, əsas odur ki, təndırə düşməyəsən.
Alxas Məmmədov.
Oxunub: 72
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az