Qohumluq, əslində, Allahın insana verdiyi bir nemətdir. Çünki insan ailədən doğulur, qohumlar vasitəsilə soy-kökünü tanıyır. Amma təəssüf ki, hər zaman bu bağ xoşbəxtlik gətirmir.
Bugünkü dövrdə çox vaxt qohum, dəstək verən, hörmət saxlayan, əlindən tutan deyil, əksinə, insana yük olan, narahatlıq gətirən biri kimi görünür. Pis günündə yanında olmayanda qohum olmaz.
Qohumla evlənmək, əvvəlcə yaxınlıq, doğmalıq kimi görünür. Amma zaman keçdikcə ailədaxili problemlər başlayanda, bir söz bütün tayfaya yayılır. Xırda söz-söhbət böyüyür, ailəni dağıdır. Bir tərəfdən ər-arvad problemi olur, digər tərəfdən bütün qohumlar qarışır. Bu da gənc ailəni yaşatmaq əvəzinə dağıdır. Sağolsun dövlətimizin yaxın qohumlar arasında nigaha son qoydu.
Qohuma borc vermək, ən incə mövzulardan biridir. Çünki yad adama borc verəndə ya qaytarır, ya qaytarmır, məsələ aydındır. Amma qohuma borc verəndə vəziyyət tamam başqa olur. Qaytarmayanda həm pul gedir, həm də qohumluq hörməti itib gedir. Bir də görürsən ki, pul üstündə qardaş-qardaşdan küsür, əmioğlu əmioğluna düşmən kəsilir. Qohum paxıllığı, insan həyatda bir az uğur qazansa, iş qursa, ev-eşik alsa, yad adam sevinməsə də, qohum sevinməlidir. Amma çox vaxt əksinə olur. Yaxşı halını görüb darıxan, paxıllıq edən, gizli-gizli söz yayan yenə də qohum olur.
Qohum sözü, yad adamın sözü sənin həyatını çox da dəyişmir. Amma qohumun bir kəlməsi illərlə içində sancı kimi qalır. Çünki “özümünküdür” deyib daha çox təsir edir.
Ona görə də insanlar arasında belə bir deyim yaranıb ki, insanın 90% problemləri qohumdan gəlir.
Əslində, yaxşı qohum da var. Onlar insanın yükünü yüngülləşdirir, çətin gündə yanında olur, sənin uğuruna sevinir. Amma onların sayı çox deyil. Bəzən yüz qohum içində cəmi bir-iki nəfər belə olur.
Belə gördüm ki, qohumluq qanla bağlıdır, amma hörmət və sevgi könüllə bağlıdır. Əgər qohum həqiqətən sənin yaxşılığını istəyirsə o, ən dəyərli insandır. Yox, əksinə, söz gətirib aparırsa, paxıllıq edirsə, borc alıb qaytarmırsa o zaman qohum deyil, düşməndən də betər olur.
Ona görə də qohumla münasibətdə hər zaman məsafə saxlamaq, hörməti pozmadan amma ehtiyatlı olmaq lazımdır. Çünki ən ağır zərbəni yad adam yox, çox vaxt özününkülər vurur.
P.S- Mən bəxtəvər adamam özüdə qırmızı. Pis qohumla əlaqəmi özüm kəsmişəm, göbəyim kimi. Övladlarımıda belə böyüdürəm. Pis qohum parazitlər.
Allah yaxşı qohumlarımı qorusun.
Alxas.