Əli Vahid Çaylının şeir dünyasına səyahət.




Əli Vahid Çaylının şeir dünyasına səyahət.
Əli Vahid Çaylı — Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan, poetik duyumu yüksək, səmimi və dərin mənalı şeirlərin müəllifidir. O, Şamaxı rayonunun yetirməsidir və uzun illərdir ki, söz sənətinə xidmət edir. Onun yaradıcılığında saf duyğular, həyat fəlsəfəsi, təbiətə və insana sevgi, yaşanmış ömrün poetik təhlili əsas yer tutur.
Əli Vahid Çaylı'nın sözlərinə bir çox mahnılar bəstələnmiş, bu mahnılar isə aşıqların, müğənnilərin repertuarında yer alaraq geniş oxucu və dinləyici auditoriyasının rəğbətini qazanmışdır. Onun şeirlərindəki sadəliklə dərinlik, xalq ədəbiyyatı ilə klassik poeziya üslubunun qovuşduğu xətt, oxucunu düşündürür, ruhunu oxşayır.
"Həsrətin çəkdiyim bahar, yaz ağlar"
 Şeirin təhlil edək ;
Əli Vahid Çaylı'nın bu şeiri – insan ömrünün fəlsəfi təhlili, zaman qarşısında tənhalaşmış bir ruhun iç səsi, həm də itirilmiş gəncliyə, yaşanmamış duyğulara ünvanlanmış poetik elegiyadır.
"Yaşadım bu yaşa qədər bəsimdi,
Köksümdə közərən odum, köz ağlar.
Kövrək duyğularım incə səsimdi,
Qorxuya düşməsin kəlməm, söz ağlar."
Bu misralarda daxili yanğı, sakit bir təskinlik, eyni zamanda həsrətin boğduğu duyğular var. Şair yaşadığı ömrü “bəsimdir” deyə qəbul etsə də, köksündə sönməyən köz, ağlayan söz onun iç dünyasındakı narahatlığın simvoludur.
"Kef içində, keflə yaşadım ömrü,
Keçdiyim illərin vuruldu möhrü.
Gələn günlərimin tükənsə səbri,
Qaşımla, kipriyim altda göz ağlar."
Burada zahiri kef və içdəki ağrı arasında ciddi ziddiyyət var. Şair ömrünü “keflə keçirdim” desə də, bu, yalnız zahiri görünüşdür. Əslində isə göz yaşı kiprik altında gizlənmiş, səssiz bir ağrının nişanəsidir.
"Altımışla beşi vurmuşam başa,
Yetmişlə səksənim olacaq paşa.
Doxsanı yüz elə, kişi tək yaşa,
Özü ata olan, oğul-qız ağlar."
Bu bənddə zamanın keçiciliyi, insanın yaşlanması və həyatda qoyduğu izlər öz əksini tapır. Şair illərlə üz-üzə gəlir, qocalığı qəbul edir, amma bir kişinin böyüklüyü və ailə başçısı kimi dəyəri sonda “oğul-qız ağlar” misrasında öz ifadəsini tapır. Bu misra həm də hörmətlə yad edilmək arzusunun simvoludur.
"Əl-Vahidəm, gəzdim çölü, çəməni,
Dərdim gülü, dərdim mən yasəməni.
Qoca bilmədi, heç sevənlər məni,
Həsrətin çəkdiyim bahar, yaz ağlar."
Bu son bənd həm şeirin kulminasiyası, həm də tənhalığın və başa düşülməməyin etirafıdır. Şair təbiət qoynunda gəzmiş, həyatın gözəlliklərinə baxmış, amma onu qoca da, sevənlər də tam anlamayıb.
Sonda isə baharın və yazın ağlaması, yalnız fəsillərin deyil, itirilmiş arzuların, yaşanmamış duyğuların göz yaşıdır. 
“Bahar” – gənclik, sevgi və yeni başlanğıc, “yaz” isə ümid və həyatın ən məhsuldar dövrüdür. Onların ağlaması – keçmişə duyulan böyük bir həsrətin səsidir.
"Həsrətin çəkdiyim bahar, yaz ağlar" şeiri — bir ömrün tərcümeyi-halını poetik dillə oxucunun qarşısına qoyur. Bu şeirdə kədər var, fəlsəfə var, qəbul var, üsyan da var. Əli Vahid Çaylı, bu əsərində zamanın əlindən çıxmış insanın öz ruhuna necə boylandığını, içindəki boşluqları necə dinlədiyini dərin poetik ifadələrlə çatdırır.
Bu şeiri dinləyərkən və ya oxuyarkən, hər birimiz öz iç dünyamızda gizlədiyimiz duyğularla qarşılaşırıq – keçmişə qayıdırıq, gəncliyimizi xatırlayırıq, yaşamadıqlarımızı düşünürük.
İndi isə istəkli oxucularımı  qələm  dostumuz Əli Vahid Çayllnın  dərin mənalı, fəlsəfi, nəsihətamiz  şeirlərini , oxumağa,  dinləməyə və hiss etməyə dəvət edirik…
Rauf İLYASOGLU,
" Həkəri" qəzetinin baş redaktoru,
şair - publisist.

--------------------------------------------------------------------------------------------------------------------

Alxas Məmmədov.

Əli Vahid Çaylı. Xalqın qəlbindən doğan şair.
Azərbaycan poeziyasında səmimiyyətin, vətən sevgisinin, insanpərvərliyin nümunəsi olan şairlərdən biri də Əli Vahid Çaylıdır. O, həm yaradıcılığı, həm də şəxsiyyəti ilə insanların qəlbində iz buraxmış, söz dünyasına öz möhürünü vurmuş bir qələm sahibidir.
Əli Vahid Çaylı qədim Şamaxının ruhunu, mədəniyyətini, insanlarının saflığını özündə daşıyan şairdir. Onun şeirlərində doğma kəndinə Çaylı kəndinə olan sonsuz məhəbbət aydın duyulur. O kəndi yalnız bir məkan kimi deyil, həyatının, poeziyasının, yaddaşının canlı bir parçası kimi yaşadır. Ailə dəyərlərinə bağlı bir insandır.
Şair yalnız söz adamı deyil, həm də ailəsinə, nəvələrinə ürəkdən bağlı bir insandır. Onun qayğıkeşliyi, ailəsinə olan sevgisi, hər zaman insanlarda təəssürat oyadan ən ülvi cəhətlərindəndir. Bu sevgi onun yaradıcılığında da öz əksini tapır, misralarında ailə, övlad, nəsil qayğısı xüsusi bir yer tutur.
Əli Vahid Çaylı xalqa yaxın şairdir. Onun poeziyası sadəcə kitab səhifələrində deyil, məclislərdə, dost məclislərində, insanların qəlbində yaşayır. Onun məclisləri hər zaman şirin söhbətlər, könül oxşayan misralar və səmimi dostluqla yadda qalır. Çünki şair heç vaxt xalqdan uzaq olmayıb, hər zaman xalqın içində, xalqla bir yerdə olub.
Onun yazdıqları həyatın özündən süzülüb gələn, sinəsindən qopan sözlərdir. Əli Vahid Çaylının şeirləri vətənə, millətə, dövlətə bağlılığın, insan sevgisinin poetik ifadəsidir. Bu misralarda səmimiyyət, təmizlik, həqiqət var. Ona görə də oxucular şairi sevir, onu öz söz adamı kimi qəbul edir. Xalqın sevimlisidir bu kişi. Əli Vahid Çaylı yalnız şair deyil, həm də dostluğu, xeyirxahlığı, sadəliyi ilə seçilən bir insandır. Onun səmimiyyəti insanların qəlbinə yol tapıb. Şamaxılıların, ümumiyyətlə, onu tanıyan hər kəsin sevimlisi olması da təsadüfi deyil.
Əl-Vahid Çaylı müasir Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutmuş şairlərdəndir. O, sadəcə poeziya ilə deyil, həm də ictimai fəallığı, insanlara verdiyi dəstək, xalqa yaxınlığı ilə seçilir. Bu səbəbdən də onun adı xalq şairi kimi hörmətlə çəkilir.

Oxunub: 28
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az