Təhsil sistemində islahatların vaxtı çatıb. Kitablar köhnəlib, müəllimlər yorulub, şagirdlər isə telefona dərs deyir. Mənim təklifim budur ki, təhsil bazar iqtisadiyyatına uyğunlaşdırılsın. Axı hər şeyin qiyməti varsa, biliyin niyə olmasın?
Təklif edirəm ki;
1. Qiymət yox, məbləğ verilsin.
Artıq “beş” almaq dövrü bitdi. Yeni qaydaya görə şagirdlər dərsdə qazandığı biliyə görə maaş alacaq. Fizikadan 34 manat, riyaziyyatdan 27 manat, ədəbiyyatdan cəmi 3 manat, çünki əsərin adını səhv dedi. Beləliklə, uşaqlar dərsə yox, bazara işləməyə gəlirmiş kimi, elə dərsə də gələcəklər.
2. Dollarla qiymətləndirmə.
Valyuta bazarı ilə paralel gedəcək dərslər. Bu gün ingilis dili dərsindən dörd dollar qazanan uşaq, sabah konvertasiya ilə onu ueddi manata dəyişə bilər. Beləliklə, həm dil öyrənəcək, həm də valyuta spekulyasiyasını.
3. Müəllim. bank rolunda.
Şagirdin qazandığı puldan faiz kəsib, təhsil krediti adı ilə saxlayacaq. Yəni müəllim də boşuna lövhənin qarşısında tər tökməyəcək. Əmək haqqı bilavasitə sinifdən gələcək.
4. Ay sonu yoxlama imtahanı.
Adı təhsil hesabatı olacaq. Şagirdlər gəlirlərini deklarasiya edəcək ki, bu ay mən biologiyadan 50 manat, amma coğrafiyadan cəmi 2 manat qazanmışam. Çünki xəritəni Türkiyə yerinə Antraktida kimi göstərmişəm.
5. Əlavə fürsətlər.
Şagird istəsə repetitoru investisiya şirkəti kimi işə sala bilər. Bir manat qoyub, ayın sonunda 5 manat qazanmaq, çox gözəl biznes planıdır.
Nəticədə biz ;
-Beləcə, biz nəinki pulu təhsilə yatızdırırıq, hətta təhsili də pula çeviririk. Gələcəkdə universitet diplomları da birbaşa tender yolu ilə veriləcək. Kim çox pul qazanırsa, o da ən savadlı sayılacaq.
Alxas Məmmədov.