Qarabağa getmək, kimə olar ?



Qarabağa getmək, kimə olar ? 
Bəli, Qarabağa gedənlər çoxalıb. Hər gün sosial şəbəkələrdə yeni videolar, şəkillər: “Qarabağda”, “Füzulidə”, “Şuşada”, “Cıdır düzündə”, “Selfie time”. Sözün düzü, ilk baxışdan adamın qüruru oyadılır  nə gözəl, torpaqlarımız azad olunub, xalqımız axışır o müqəddəs yerlərə. Amma bir neçə saniyə sonra baxırsan ki, bu axın ziyarət deyil, elə bil yaylaq sezonudur, manqal tüstüsü, plastik stəkanlar, boğazı yırtan musiqi və tiktok səhnələri.
Cıdır düzündə stəkan qaldırmaq nədir, ay vətəndaş. O düzə çıxmaq üçün minlərlə igid şəhid olub. Orada at çapılıb, qılınc oynadılıb, poeziya səslənib, indi orada "Yandım ay aman" çalmaqmı düşür ? Ağdama girib selfi etmək, sonra da orada tulladığın kolbasanın qabını yerdə qoyub qayıtmaqmı vətən sevgisidir. Dəysin dədənə.
Sözüm burdan bərk gedən Qarabağ turistlərinədir, torpaq azad olunubsa, o demək deyil ki, o torpaq sizə halaldır. Azadlıq mübarizəsi, şəhid qanı ilə alınan bir torpaq əyləncə məkanı deyil. Oraya gedirsənsə, ayağını torpağa basanda bir anlıq sus, o torpaq səninlə danışır ki, mənim üstümdə qan tökülüb, ağlamaq səsim çox çıxıb, indi mənə bir az sükut verin. Əgər ziyarətə gedirsənsə, dua ilə get. Əgər şəhid məzarını ziyarət edirsənsə, əyil başını. Əgər təbiət qoynuna gedirsənsə, tərk etməzdən öncə onu təmiz saxla. Əgər bunların heç biri sənə uyğun gəlmirsə, qarabağlığa getmə, elə mərkəzdə yandır manqalını. Ciddi olmaq lazımdır, çünki bu məsələ zarafat deyil. Satirik danışırıq ki, bəlkə bir az da utandırmaqla tərbiyə edə bildik. Vətən sevgi tələb edir, amma ağıllı sevgi. Vətəni sevmək, ona hörmət etməkdən keçir, təkcə şəkil çəkib paylaşmaqdan yox.

Alxas.

Oxunub: 51
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az