Pulun yoxdusa, sən demə, sən heç mövcud da deyilsən.. Bank kartın var, içi boş, amma sənə hörmətli müştəri deyə esemes gəlir. Hörmətli. Mən ? Əgər hörmət belə boş kartla gəlirsə, deməli təhqir kreditlədir.
Pulun yoxdusa, toya çağırmazlar. Çağırsalar da, gəlmə, yük olarsan deyə içinə eyhamla bir mesaj atarlar. Amma pulun olsa. bacının qaynının bibisi belə toyuna gəlməyə səbəb tapar ki, axı biz qonşu olmuşuq 1997-də...
Pulun yoxdusa, sevgilin sənə mənim ruhum dəyərlidir deyib gedər. Pulun olsa, həmin ruhu öz əliylə kənara qoyub sənin yanında özümü tapıram deyər. Və təbii, həmin özünü tapma prosesi Baqam adalarında baş verər.
Pulun yoxdusa, ağıllı söz desən, deyəsən dəli olub deyərlər. Pulun olsa, eyni sözü deyəndə filosofdu, ay bala, deyib başını bulayarlar. Hətta səhv danışsan da, özlərini günahlandırarlar: O qədər dərin danışır ki, başa düşə bilmədik...
Pulun yoxdusa, rüşvət də ala bilməzsən. Yəni o qədər yoxsulsan ki, səni hətta korrupsiyaya da qəbul etmirlər. İşdə bu, gerçək diskriminasiyadır.
Əgər bir gün cibindəki son qəpiyi də itirsən, sən artıq cəmiyyət üçün təmiz adamsan. Elə təmizsən ki, səni görmürlər. Metroda yanından keçib ayağını da tapdalasalar, kim var idi ki burada deyərlər.
Amma ey dilbər yoxsulluq. Sən bizə əyani şəkildə göstərirsən ki, xoşbəxtlik pulda deyil. Çoxlu puldadır....
Alxas.
Oxunub: 37
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az