Biləsuvar və Qusar rayonlarında səyyar tibbi müayinələr təşkil edilib.
TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının tibb personalının iştirakı ilə rayonun Xırmandalı kəndində, Qusar Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə rayonun Kuzun kəndində sakinlərin səyyar tibbi müayinəsi təşkil edilib.
Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, şüa-diaqnostika həkimi və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində iki kənd üzrə ümumilikdə 200-ə yaxın sakinə (uşaqlar da daxil olmaqla) 800-dən çox tibbi xidmət göstərilib.
Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.
Oxunub: 7