Masallı RİH başçısı idmançılarla görüşüb
30 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov beynəlxalq yarışlarda qələbə qazanan idmançılar Elgiz Məmmədov və Nərmin Abdinova ilə görüşüb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmançılar haqqında məlumat verib.
Bildirilib ki, 2022-ci ilin oktyabr ayında Bolqarıstanın Plovdiv şəhərində keçirilən veteranlar arasında yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycanı təmsil edən 35 yaşlı pəhləvanımız Elgiz Məmmədov 88 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş medalçısı olub. Noyabr ayında isə Rusiya Federasiyasının Çelyabinsk şəhərində veteran güləşçilər arasında keçirilən yunan-Roma güləşi üzrə Rusiya çempionatının qızıl medalına sahiblənib.
Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Elgiz Məmmədov güləş məşqlərinə Azərbaycanda, Masallı Rayon Gənclər və İdman İdarəsinin məşqçi-müəllimi, əməkdar məşqçi Qardaşxan Əmənovun rəhbərliyi ilə başlayıb. O, doqquz yaşı olanda ilk uğuruna imza atıb – SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə respublika turnirinin qalibi olub. 2000-2009-cu illər ərzində dəfələrlə yeniyetmə və gənclər arasında Bakı şəhər və Azərbaycan birinciliklərinin qaibi adını qazanıb.
Elgiz Məmmədov hazırda Rusiyanın Kalininqrad şəhərində məşqçilik fəaliyyəti ilə məşğuldur. Yetirdiyi yeniyetmə və gənc yunan-romaçılar bir sıra mötəbər yarışların mükafatçılarıdır.
“Azərbaycan - 1” yığması tərkibində FİDE-16 Ümumdünya Şahmat Olimpiadasının (komanda üçüncü yer, dördüncü stolda qızıl medal) qızıl medalçısı Nərmin Yusif qızı Abdinova Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Nərmin bu vaxtacan bir sıra idman uğurlarına nail olub. Müxtəlif vaxtlarda Bakı şəhər (2018, 2019) və Azərbaycan (2018, 2019, 2021, 2022) birinciliklərinin qalibi, 14 yaşadək qızlar arasında Avropa çempionatının (2021) birincisi, dünya çempionatının (2022) beşincisi, bu il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnik kuboku uğrunda keçirilən şahmat yarışında Azərbaycan yığması tərkibində gümüş medal mükafatçısı olub.
İcra başçısı idmançıları qazandıqları qələbələr münasibəti ilə təbrik edib.
Elgizin, Nərminin timsalında son zamanlar Masallı idmançılarının qazandığı
uğurların, qələbələrin qürurverici olduğunu vurğulayıb.
İdmançılarla səmimi söhbət edən icra başçısı onların təəssüratlarını dinləyib.
Rayon rəhbəri çempionlara bundan sonra da yeni zirvələr fəth etməyi, Dövlət Himnimizin sədaları altında üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırmalarını arzulayıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və idmançılar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə minnətdarlıq bildiriblər.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.
Akif AĞAYEV,
Oxunub: 200