Şamaxıda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən beynəlxalq simpozium keçirilib
Mayın 7-də Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika institutlarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Germanistikanın yeni yolları, Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq simpoziumun ikinci günü Şamaxı şəhərində keçirilib.
Simpoziumda Almaniya, Avstriya, İtaliya, Türkiyə, Qazaxıstan, Gürcüstan və s. ölkələrin müxtəlif universitetlərindən olan alim və professorlar, gənc tədqiqatçılar və media nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Şamaxı Rayon Mədəniyyət Mərkəzində baş tutub.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov simpoziumun xalqımız üçün çox əlamətdar olan bir günə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsinə təsadüf etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edir. Simpoziumun Azərbaycan-Almaniya elmi-ədəbi və mədəni əlaqələrinə töhfə verəcəyini qeyd edib və xarici ölkə alimlərinə, eləcə də tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək, ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü təntənə ilə qeyd edilir. İki universitetin birgə təşkil etdiyi “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq simpozium da bu tədbirlərdən biridir və Ulu Öndərə dərin ehtiramın bariz nümunəsidir. Ulu Öndərin həmişə elm və təhsilə xüsusi qayğı ilə yanaşdığı, o cümlədən xarici ölkələrin elmi qurumları ilə əməkdaşlığa önəm verdiyi vurğulanıb.
Daha sonra simpozium iştirakçılarının, “Germanistikanın yeni yolları, Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda məruzələri dinlənilib.
Simpozimun ikinci hissəsində, simpozium iştirakçılarının Şamaxı rayonunun tarixi abidələri və muzeylərinə ekskursiyası təşkil olunub, onlara rayonun tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib.
Oxunub: 482