Gənc məşqçi-müəllimlərə metodiki tövsiyələr.
Təlimin söz metodu.
Şeir, sənət əzəl gündən sözün hüsniylə yoğrulmuş,
Zamanın sirri, sevdası onun qəlbində nəqş olmuş.
Dəyərli oxucular xahiş edirəm diqqətli olun, gözümüzdən heç nə yayınmasın.
Soruşursunuz niyə?
Niyə deyəndə ki, söhbətim məğzi sözdür. Yəni söhbət sözdən gedir.
Demək istəyirəm ki, söz sadəcə söz deyil, “sözün mənasının həddi, sərhədi yoxdur”.
İndidə gəlin xalq şairi S.Vurğunun “sözün şöhrəti” şeiri ilə qayğısız kədərsiz illərdə olduğu kimi, “sözün eşqi ilə, sözün səyyar xəyaliylə” söz deyilən nemətin sorağı ilə sözə qayıdaq.
Sözün qəlbində gizlənmiş bütün dahilərin eşqi,
Sözün qəlbində sakitdir göyün eşqi yerin eşqi.
Sözün mənası hədd bilməz! Uçub yüksəl bu qüdrətlə,
Kamalın incilər saçsın danış hər yerdə hikmətlə.
Sözün eşqiylə, qəlbiylə yaşar aləmdə dastanlar,
Sözün səyyar xəyaliylə gəzər dünyanı insanlar.
Sözün qəlbində sakitdir göyün eşqi, yerin eşqi,
Sözün şənində söhbət var bu məna qəflətdən solmaz,
Çiçəksiz, sözsüz, insansız, səadətsiz bahar olmaz!
Şeir sənət əzəl gündən sözün hüsniylə yoğrulmuş,
Zamanın sirri, sevdası, onun qəlbində nəqş olmuş,
Sən ey “Söz” adlanan nemət. Tükənməz bir xəzinəm var,
Başından min boran keçmiş dəyişmiş qanlı dövranlar.
Fəqət sənsiz nə bir gülşən, nə bir yarpaq göyərmişdir,
Nə eşqin laləzarında bir insan Lalə dərmişdir.
Bəli həyatda insanların bitməz-tükənməz yaradıcılığında və onun inkişafında sözün rolu misilsizdir. Söz insanlar arasında ən vacib, ən ülvi, ən asan ünsiyyət forması olub dünyada millətlərin, xalqların sarsılmaz birliyində, dostluğunda təməl daşıdır, desək səhv etmərik. Tarix boyu uzaqgörənliklə deyilən müdrik söz, insanların xoşbəxtliyi və məhəbbəti uğrunda mübarizəsində həmişə onların yardımçısı, düzgün yolgöstərəni olub.
Həyatın bütün enişli-yoxuşlu, qəmli-kədərli, pis, ehtiyaclı günlərində insanların qüdrətli silahı, dayağı, inanc mənbəyi, vuran əli olub söz.
Əksinə insanların şad, toylu-vüsatlı, bayram, qələbə günləri həmişə dəyərli, qiymətli sözlərlə bəzədilib, vəsf edilib.
Bu mənada bədii sözün, onun tərbiyəvi, əxlaqı gücündən yararlanaraq ondan lazımınca istifadə ediləsi tarix boyu həmişə yaxşı nəticələr verib.
Gəlin bir anlığa dahi şairimiz S.Vurğunun söz haqqında bir ağsaqqal nəsihəti kimi, dahiyanə, bir azda amiranə dediyi sözü yada salaq:
De, gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
Gənclərimizin mariflənməsi üçün onuda deməyi özümə borc bilirəm ki, deyilən bu cür qiymətli sözlərin öyrədilməsində və öyrənilməsində onların öz forma və məzmununun itirmədən, şeirdə deyildiyi kimi gələcək nəsillərə yadigar kimi saxlanılmasında mən deyərdim ki, kitabın rolu misilsizdir.
Inandırıcı bir faktdır ki, kitab insanların bəlkədə ən böyük kəşvlərindən biridir. O, ta qədimdən “Kitabi – Dədə Qorquddan” bəri mənsub olduğu millətin, xalqın, milli mənəvi tarixi tərcümeyhalı deyilmi?!
Hələ səkkiz yüz il bundan əvvəl sözün (bədii sözün) yüksək dərəcədə təsirinə, onun tərbiyəvi, əxlaqi gücünə böyük inam bəsləyən N.Gəncəvi hələ o vaxt demişdir: - düzgün, ağıllı, müdrik sözlə hər bir insanın qəlbinə yol tapıb onu pis əməldən uzaqlaşdıraraq, düzgün yola gətirmək mümkün olduğunu demişdir. O, öz əsərlərində həmişə hikmətli, dəyərli sözlər vasitəsiylə insanların qəlbinə yol tapmışdır.
N.Gəncəvi “Sizlər Xəzinəsi” əsərində yazır: -
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa nəyə gərək düşüncə.
Yeniliklər törədir bu qoca kainatda,
Sözdən kəskin və incə bir şey tapılmaz hətda.
Söz bayraqdan daha çox əldə eyləyər zəfər,
Qılıncdan daha artıq qalxıb olar ölkələr.
Doğrundan da söz, doğru söz, yerində deyilmiş, kəsərli, müdrik söz bayraqdan daha çox zəfər qazanır, qılıncdan daha artıq ölkələr fəth edir.
Dahi Nizaminin qiymətli qələmindən çıxan hərarətli dəyərli, qiymətli sözləri səkkiz yüz ildir ki, günəş şüası kimi bütün dünyaya nur şaçaraq işıqlandırır.
Sözün xalq həyatında rolu, xalqın fikir, əqidə birliyində sarsılmaz qüvvəyə malik olduğu xalqı bir məqsəd, bir amal ətrafında birləşdirə bildiyi barədə aşiq Abbas Tufalqanlı şeri kimə məlum deyil?!
Söz bir olsa, dağ oynadar yerindən,
El bir olsa, zərbi kəran sındırar.
Bəli söz bütün sahələrdə olduğu kimi elmin bir sahəsi olan idmanda da (idman məşqlərində də) həm müsbət, həm də mənfi təsir qüvvəsinə malik olub tədrisdə ən vacib metodlardan biri sayılır.
Məşqlərdə çətin hərəkətlərin və fəndlərin öyrədilməsində və təkmilləşdirilməsində, idmançıların məşqlərdə və yarışlarda ruhlandırılmasında, iradi və mənəvi keyfiyyətlərin inkişaf etdirilməsində sözlərin düzgün seçilib vaxtında məşqçi tərəfindən istifadə edilməsi tədrisdə çox vacibdir. Bu əlbəttə məşqçilərdən böyük peşəkarlıq tələb edir. Burada əsas məsələ lazımı sözdən vaxtında, düzgün istifadə etməkdən çox şey asılıdır.
Bundan başqa asan fəndlərin öyrədilməsindən sonra, çətin fəndlərin öyrədilməsinə keçərkən, uşaqların ruhlandırılmasında, onların öz qüvvələrinə inam hissinin yaradılmasında, lazımı vaxtda idmançıların şövqləndirilməsində, yarışlarda inamlı çıxışlarının təmin edilməsində təsirli, inandırıcı, məqamında deyilən söz həmişə yaxşı nəticələr verir. Bu mənada söhbətlərdə, nəzəri məşğələlərdə, təlim məşq toplanışlarında, iradi və mənəvi keyfiyyətləri inkişaf etdirilməsi mövzusunda müxtəlif söhbətlərlə yanaşı folklor nümunələrimizə, böyük söz ustadlarımızın əsərlərindən nümunələrə müraciət edilməsi də məsləhət görülür.
Müşahidələr təcrübəli məşqçilərin və idman mütəxəssislərinin rəyləri bizə deməyə imkan verir ki, təlimin söz metodunda bu cür yeni yanaşmalar, yeni söz üsullarından istifadə edilməsi, sözü gedən təlim metodunun keyfiyyətini yüksəldə bilər. Bununla da biz uşaqlara sözü sevdirə bilərik, qiymətli sözə dəyər verməyi öyrətməklə bərabər, onların dil mədəniyyətini danışıq qabiliyyətinin inkişaf etməsinə kömək etmiş olarıq. Eyni zamanda uşaqlara mədəniyyətimizi, incəsənətimizi, musiqimizi, rəqslərimizi nəhayət, kitabı sevdirə bilərik. Bunun da sahəsində uşaqlarda məşğul olduqları idman məktəblərinə, məşqlərinə, məşqçilərə sevgiləri daha da artar. Onlar idman məktəbini bir məktəbdən də artıq doğma bir məkan kimi sevərlər. Əlbətdə, belə qarşılıqlı hörmət istər-istəməz təlimin kefiyyətinədə öz musbət təsirini göstərməyə bilməz. Uzun illərin təcrübəsinə əsaslanaraq inamla deyə bilərəm ki, burada şeir, sənət əsərlərinin nümunələrinə müraciət edilməsi təsirli bir vasitə kimi böyük rol oynaya bilər.
Dəyərli məşqçilərimiz bildirmək istərdim ki, bu mənada N.Gəncəvinin, M.Şəhriyarın, R.Həmzətovun, S.Vurğunun, B.Vahabzadənin, S.Rüstəmin, M.M.Seyidzadənin, N.Xəzrinin, C.Novruzun, N.Həsənzadənin, Ə.Bakirin və bir çox şair və qəzəlxanaların söz, vətənpərvərlik, məhəbbət, vəfa, dostluq, igidlik, cəsurluq, tələbkarlıq, inam, etibar, böyüyə hörmət, sevgi duyğuları və başqa mövzularda yazdıqları şeir, rübai və qəzəlləri gənclərimiz üçün maraqlı mövzular ola bilər.
Nəhayət söz nədir?
Məncə sözü ancaq sözlə açıqlamaq, sözlə sevdirmək, sözlə vəsf etmək olar desək yanılmarıq.
Böyük sənətkarımız Əlyağa Bakirin fikrincə desək söz:
Bu cahan mülkümdə daim ülvi bir mənadı söz.
Həm həyatın hikməti, həm gərdişi dünyadı söz.
Qüdrəti dağlardan artıq, baxma yoxdur varlığı.
Həm səadət, həm fəlakət törədər bir adi söz.
Mən onunla könlümün hər sirrin izah eylədim,
Qəlbimin eşqi, sevinci, qüssəsi, fəryadı söz.
Tişəsin endirdi, başa bir kəlamın hikməti,
Gör nə məğmun eylədi dağlar yaran Fərhadı söz.
Bİrcə kəlməylə ölüm təslim olar insanlığa,
Eyləyər təsir ki, əl saxlasın cəlladı söz.
Söz kəlamından alır zövqün, səfasın hər bəşər,
Məclisi ariflər üçün dürrüdür əladı söz.
Qaldırar zər şəhpəridi qüdrəti əflaka bil,
Hər sənət aləmində hər zaman ustadı söz
Dövlətim, malım, zərim, cahı cəlalım yox mənim,
Mümkün olsa açmağa, sinəmdə bir dünyadı söz,
Bakira dürr kalamın daimə Məcnuniyam,
Ömrüm olduqca mənə istəkli bir Leyladı söz.
Etiraf etmək lazımdır ki, gündəlik idman məşqlərində bəzi məşqçilərin eyni mövzuların, eyni cümlələrin, eyni tapşırıqların dönə-dönə yerli-yersiz izahı, uşaqların qarşısında “rəsmi çıxışlar” inanın ki, uşaqları yorur. Ona görə də hər bir məşqçi buna başqa formada yanaşmaqla məşğul olanları təəcüblədirəcək sözlərlə diqqətlərini özlərinə cəlb etməyi bacarmalıdırlar.
Dəyərli məşqçilərimiz, idmançılarımız və idmansevərlərimiz bu mənada diqqətinizi digər bir şairimiz Mir Mehdi Seyidzadənin zəhmət və həvəs, gözəllik, həyatda xoşbəxt yaşamaq, sadəlik, eşq və başqa mövzularda yazdığı şeir və qəzəllər içərinsində söz haqqında yazdığı qəzəlini sizə təqdim etmək yerinə düşər. Böyük söz ustadımızın söz haqqında yazdığı qəzəl, sözü daha dəyərli sözlərlə vəsf etməsi, sözə verdiyi böyük qiymət, necə deyərdim ki, qiymətsizdir.
Fikir aləminə söz kimi yetkin bahar olmaz.
Dünyaları axtar sözə bənzər gövhər olmaz.
Söz əqlə məhək olduğuna söz ola bilməz,
Hər Xəznəni gəz, söz kimi qiymətli zər olmaz.
Daşdan da keçər sözdə əgər olsa həqiqət,
Fikir olmasa, almaz kimi sözdə kəsər olmaz.
Mənanı, sözü sadə gərək söyləyə yoxsa,
Şairdə könül cəzb eyləyən bir əsər olmaz.
Mir Mehdi, sözün qədrini bil söz ələ düşməz,
Söz düşməsə dildən-dilə sözdə əsər olmaz.
Məşqçilərimizin nəzərinə çatdırmaq istəyirəm ki, bildiyimiz kimi idman məşqlərində (güləş məşqlərində) hərəkətlərin və fəndlərin öyrədilməsində, vərdişlərin aşılanmasında sözdən, şərhlərdən geniş istifadə edilir ki, burada üç variant məqbul hesab edilir.
1. İzahat zamanı hərəkətin və ya fəndlərin hissə-hissə nümayiş etdirilməsi.
2. Hərəkətin və ya fəndin nümayişi zamanı izahat.
3. Hərəkətin və ya fəndin nümayişindən sonra izahat.
Məşqçinin bu variantlardan hansından nə vaxt və necə istifadə etməsi öyrədiləcək hərəkətlərdən və fəndlərdən, məşğul olanlardan, məşqçinin məşqdə tətbiq etdiyi üsuldan asılıdır.
Unutmaq olmaz ki, burada hər bir məşqçinin dil mədəniyyəti, onun danışıq qabiliyyəti həmişə diqqət mərkəzində olur. Ona görə də təlimdə məşqçinin öz fikrini sözlə ifadə etməsi, pafoslu desək, onun nitq məharəti, peşə hazırlığının güzgüsüdür.
Məşqçi həmişə dəqiq, ədəbi dildə, ifadəli, anlayışlı danışmağa çalışmalıdır. Obrazlı desək məşqçi öz sözü ilə bir növ özünü təsdiqləməlidir.
Bu mənada böyük söz ustadımız Həkim Qəninin “Bəsimdir” rədifli qəzəlini diqqətinizə çatdırmaq istərdim.
Nə kişidir ondan əsər olmasın,
Əməlində xeyir səmər olmasın,
Qoy əlimdə qılınc, xəncər olmasın,
Sözlərimdə kəsərim var bəsimdir.
Arif olan əsəriylə fəxr edər.
Bərəkəti bəhəriylə fəxr edər.
Sözündəki, kəsəriylə fəxr edər.
Üç, dörd vərəq əsərim var bəsimdir.
Hümbət Cavadov.
Sərbəst Güləş üzrə SSRİ İdman Ustası.
Oxunub: 646