Mənalı ömrü yarıda qaldı.
Hardan vaxtsız əsdi acı ruzigar,
Bir insan ömrünü kəsdi yarıdan.
Qəbində nə qədər sonsuz arzular,
Nə qədər duyğular qaldı yarıda.
Hidayətova Raifə Mürvət qızı Qobustan rayonunun Cəyirli kəndində anadan olmuşdur. Orta təhsilini də öz doğma kənddəki məktəbdə başa vurmuşdur. 1985-ci ildə birillik rabitəçi kursunu bitirərək, Şamaxı rayonunda yerləşən 56 saylı ATS-də işə başlayır.Ancaq ən böyük istəyi müəllim olmaq idi. 1993-cü ildə onu oxuduğu doğma kənd məktəbində Uşaq Birliyi Təşkilatının Rəhbəri işinə dəvət edirlər.İlk gündən şagirdlərlə səmimi ünsiyyət qurur, kollektivin dərin hörmətini qazanır.Müəllimliyə olan həvəs onu Şamaxı Mədəni Maarif Texnikumunun ibtidai sinif müəllimliyi ixtisasına gətirir.Texnikumu müvəffəqiyyətlə başa vurduqdan sonra A.Quliyev adına Cəyirli kənd tam orta məktəbində müəllim kimi işə başlayır.Tez bir zamanda şagirdlərinin sevimlisinə çevrilir.O, şagirdlərinin sabahı üçün zərrə-zərrə “əriyir”. Müəllimənin pedaqoji fəaliyyəti Qobustan Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi tərəfindən yüksək qiymətləndirilmişdir. 2012-ci ildən Azərbaycan Təhsil Şurası İçtimai Birliyinin üzvü seçilir.Onun bir sıra pedaqoji təcrübəyə əsaslanan məqalələri yazıçı-jurnalist Böyükağa Mikayıllının “Müəllimin iş təcrübəsi” kitabında çap olunur və iş təcrübəsi mətbuatda yayımlanır. 2018-ci ildə Təhsil Şurasının işçiləri ilə birlikdə Ukrayna Respublikasında pedaqoji mübadilə ilə bağlı səfərdə olur.Orada olarkən müəllimənin iş təcrübəsi video-slaydla təqdim olunub.
Raifə müəllimənin bir çox şagirdləri ali məktəbləri və kollecləri bitirib.Hal-hazırda müxtəlif sahələrdə çalışırlar. Mən Raifə müəllimə ilə sonuncu dəfə 23 iyun 2023-cü ildə görüşmüşdüm. Həmin gün Şamaxı şəhərində ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanı keçirilirdi.Müəllimənin imtahandan gülərüzlə çıxdığını gördüm. Onu təbrik etdim. Hətta onu qarşılamağa gələn yoldaşları kiçik ziyafət də təşkil etdilər. Bu Raifə müəllimənin həyatda sonuncu imtahanı oldu.O son vaxtlar xəstəlikdən əziyyət çəkirdi.Amansız ölüm onu 7 avqust 2023-cü ildə aramızdan apardı.Müəllimə olan dərin ehtiram xoş xatirələrdə bildirildi:
A.Quliyev adına Cəyirli kənd tam orta məktəbin direktoru Mayıs Əliyev : -Raifə müəllimə məktəbimizin əsas sütunlarından biri idi.Öz işgüzarlığına görə tərəfimizdən onun əməyi həmişə yüksək qiymətləndirilmişdir.Gənc nəslin təlim-tərbiyəsində böyük əməyi vardır.Müəllimlərmizin əksəriyyəti onun iş təcrübəsindən bəhrələnirdi.Raifə müəllimənin adını həmişə iftixarla yad edəcəyik və onun yoxluğunu şagirdlərə də hiss etdirməyəcəyik.Çünki o məktəbin kollektivi ilə yanaşı kənd sakinlərinin də sevimlisi idi.
Məktəbin hərbi-hazırlıq müəllimi Elman Günəşov:-Raifə müəllimlə mən də Azərbaycan Təhsil Şurası İctimai Birliyinin üzvü idik.Tədbirlərə də birlikdə gedib-gəlirdik.Azərbaycan Təhsil Şurası İctimai Birliyinin sədri rəhmətlik , professor Əjdər Ağayev həmişə müəllimənin iş təcrübəsini önə gətirirdi. Raifə müəllimə gözəl dost və xeyirxah bir insan idi. Çox heyf ki, aramızdan tez köçdü.Onu bir bacı kimi çox istəyirdim.Hətta onun serfikasiya imtahanı olan gün mən də getmişdim. Məktəbin Uşaq Birliyi Təşkilatının Rəhbəri Yəmən Hidayətova: -Bizim Raifə müəllimlə əmiqızı olmağımıza baxmayaraq hamı bizi bacı bilirdi.Bu həqiqətəndə belə idi.Biz həmişə bir olurduq.Onun xəstəliyi məni çox sarstdı.Çalışırdım ki, xəstəliyini unutsun.Nə fayda, sən demə, fələk öz işini görürmüş.Onun özü gözəl , danışığı gözəl, yerişi gözəl idi.Necə deyərlər mənim əziz bacım eldən getdi.Xoş hal odur ki, mənim əmim qızınının dəfnində onu tanıyan-tanımayan xeyli sayda insan axını iştirak etdi.Hamısına öz minnətdarlığımı bildirirəm. R.Babaşov adına Cəmcəmli kənd tam orta məktəbinin müəllimi Günay Bayramlı: - Raifə müəllimlə yaş fərqimizin olmasına baxmayaraq, bir dost münasibətimiz vardı.O fəal müəllimlərin irəli getməsinə çalışırdı. Mən də bir gənc müəllim olaraq, həmişə onun iş təcrübəsinə istinad edirdim.Respublikada keçirilən elmi-pedaqoji tədbirlərə məni də cəlb etmişdi. Gülərüzlü çöhrəsi hamını özünə valeh edirdi.Onun əziz xatirəsini həmişə qəlbimdə əbədi yaşadacağam! Allah Raifə müəllimə rəhmət etsin.
Məhəmməd Bayramov.
Qobustan rayonu.
Oxunub: 1 313