Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları 17 iyul 2023-cü il tarixdə yerli gənclər və idman sektorlarının fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə Qobustan rayonunda olublar.
Əməkdaşlar tərəfindən Qobustan Olimpiya İdman Kompleksinə ümumi baxış keçirilib. Mövcud şəraitlə tanış olduqdan sonra məşqçi-müəllimlər, idmançılarla səmimi görüş zamanı onların müvafiq istiqamətlər üzrə problemləri dinlənilib, təklifləri nəzərə alınıb.
Eyni zamanda fiziki tərbiyə işində istiqamətləndirici rola malik olan və yüksək səviyyəli idmançıların hazırlanmasına yönələn Uşaq Gənclər İdman Məktəbinin fəaliyyəti ilə yaxından tanış olunub. Peşəkar və həvəskar idmançılar tərəfindən nümunəvi çıxışlar nümayiş olunub və xatirə şəkli çəkilib.
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları 17 iyul 2023-cü il tarixdə Qobustan rayonundan olan şəhid Nadirov Fədail Fərhad oğlunun ailəsini və şəhidin adını daşıyan bulağı ziyarət ediblər.
Qeyd edək ki, şəhid Fədail Nadirov ağır atletika idman növü üzrə uğurlu nəticələr əldə edib və Azərbaycan Respublikası idman məktəblərinin VI Respublika oyunlarında III yeri qazanıb.
Eyni zamanda gənclərin karyera fəaliyyətlərinin, fərdi bacarıqlarının inkişaf etdirilməsində xüsusi dəstəyi olan “Qobustan Gənclər evi”nə baxış keçirilib. İdarə əməkdaşları və fəal gənc və mütəxəssislər ilə birgə Gənclər Evinin fəaliyyəti və fəaliyyət istiqamətləri, həyata keçirilmiş layihələr haqqında hesabat xarakterli videoçarx izlənilib.
Oxunub: 302