Kapoeyra haqqında.






Kapoeyra haqqında.
Braziliya ərazilərinə yiyələnmə 1530-cu ildə özləri ilə mal-qara, əkin üçün şitillər və müxtəlif toxumlar gətirmiş portuqaliyalıların ilk sakinlər kimi yeni həyat tərzinə qədəm qoyması ilə başlanıb. Braziliya Latın Amerikasında ilk ölkədir ki, ispanlar deyil, portuqaliyalılar tərəfindən tutulub. Elə qulları da Afrikadan Braziliyaya onlar gətiriblər.
Qulların Braziliya ərazilərinə gətirilməsində üç – Baya, Resife və Rio-de-Janeyro limanlarından istifadə olunub. Odur ki, tədqiqatçılar afro-braziliya döyüş növü olan kapoeyranın yaranış köklərini məhz bu yerlərdə axtarıblar. Axtarışlar uzun müddət davam etdiyindən, bir çox fərziyyələr də ortaya çıxıb. Zənn edilir ki, döyüş növünün yaranmasında qulların böyük zəhmət və əziyyəti olub.
Sözügedən qullar özlərinə məxsus bir neçə qədim ənənəyə də sahib olublar. Onlar yaratdıqları ənənəvi rəqslərlə çox ciddi məşğul olaraq gələcək nəsillərə də ötürüblər. Belə ki, döyüş rəqs, ənənə və mərasim anlayışları ilə birləşdirilib.
Ən geniş yayılmış fərziyyəyə əsaslansaq, kapoeyranın silahsız vəziyyətdə özünümüdafiə üsulu kimi yaradıldığı və yaradıcılar tərəfindən rəqs adı verilərək, döyüş növü olduğunun gizlədildiyi məlum olur.
Quylombuş müstəqil yaşayan və heç kimdən tamamilə asılı olmayan insan toplumudur ki, kapoeyranın yaranmasında böyük rolu olub. Qruplaşmanın kənardan gələn hücumlar və təzyiqləri qarşılaşması zamanı kapoeyra daha da möhkəmlənirdi. Elə bu səbəbdən kapoeyra get-gedə təhlükəli döyüş kimi formalaşırdı.
XIX əsrin əvvəllərində kapoeyra indikindən çox fərqli idi. Kapoeyrada möhkəm duruş vəziyyəti, güclü zərbələr, sındırma və atma fəndləri zənginlik təşkil edirdi.
Kapoeyristalar soyuq silahlara, bıçaqlara, qılınclara və ülgücə üstünlük verirdilər. Onlar ülgücü əsasən ayaq barmaqları arasında sıxmaqla zərbə endirirdilər. Bir neçə təhlükəli görüşlərdən sağ çıxdıqdan sonra, onlara "peşəkar kapoeyraçı" adı verilirdi.
Küçə döyüşü sayılan kapoeyranın unudulması üçün yerli qanunverici orqanlar 400 ilə yaxın çalışmışdılar. Kapoeyranın qorunub saxlanılması üçün yalnız bir çıxış yolu var idi.
Kapoeyristalar məcbur olub daha çox akrobatik hərəkətlər, akrobatik zərbələr, dairə daxilində üzbəüz vəziyyətdə musiqi sədaları altında döyüş texnikası (daha çox rəqs kimi göstərməklə) nümayiş etdirməli oldular. Bizim dövrə yaxınlaşdıqca aydın olur ki, kapoeyra quylombuşdan kənara çıxdıqdan sonra əhali arasında yayılmaqla, böyük rəğbət qazanmış və həyat tərzinin dəyişkən axarına düşməklə əvvəlki kapoeyradan çox fərqlənib.
Kapoeyranın yaşanmasında böyük şəxsiyyətlərdən ikisinin – usta Bimba (Manuel duş Reyş Maşadu) və usta Paştinyanın (Visente Fereyra) daha çox zəhməti olub.
Müasir kapoeyranın banisi usta Bimbadır. O, 1900-cü ildə Salvadorda Baya ştatında anadan olub. Bimba bir qədər təlimatlandırıldıqdan sonra, "Luda Regional Bayana"nı (Bayanın regional döyüş sənəti) yaradıb ki, bu da bütün dünyada "Capoeira Regional" (Yerli Kapoeyra) kimi tanınıb. 1932-ci ildə Bimba tərəfindən tarixdə ilk rəsmi kapoeyra məktəbi yaradılıb. Nəhayət ki, bütün əziyyətlərin nəticəsində 1937-ci ildə kapoeyra Braziliya Milli Konfederasiyası tərəfindən rəsmi olaraq tanınıb. Usta Bimba 1974-cü ilin fevral ayına qədər, yəni son nəfəsinə qədər kapoeyranın təbliğatına çalışıb.
Kapoeyrada əvəzsiz yeri olan digər usta Paştinyadır (1889-1982). Paştinya kapoeyranın "Angola" üslubunu təbliğ edib. O, 21 yaşı olarkən kapoeyraya daha peşəkar şəkildə yaxınlaşmağı qərara alıb. Paştinya həmçinin filosof və rəssam kimi də tanınıb. Kapoeyranın "Angola" növündə əsasən hərəkətlərin cəld deyil, məhz sürəti minimuma çatdırmaqla, icra olunmasına və kapoeyristanın düzgün müvazinət saxlamasına diqqət yetirilir.
Bir az tarixi vərəqləyərək, kapoeyranın yaranması üçün zəminin necə ortaya çıxdığını müəyyənləşdirməyə çalışaq. Portuqaliyalılar yerli sakinlərdən, yəni hindulardan qul kimi istifadə etməyə başlamışdılar. Hinduların çoxu portuqaliyalıların yeni qaydalarına əməl etmək istəmir, onların vadar etdikləri ağır və dözülməz işləri görməyə qüvvələri və səbirləri çatmır və buna görə də canlarını qurtarmaq üçün ölkənin daha dərin və ayaq basılmayan yerlərinə gedirdilər. Mühacirlər arasında yaxşı döyüşçülər, musiqiçilər, həmçinin təbiblər də var idi. Onlar sağ qalmaları üçün həmrəy olmalı və bir-birlərinə kömək etməli idilər. Yeni məkan onlar üçün əvvəlkindən daha yaxşı idi. Lakin köhnə məkan qədər əsrarəngiz deyildi.
Portuqaliyalılara qarşı çıxan yerli sakinlər isə dərhal öldürülmüş, sağ qalan qadınlar, uşaqlar və qocalar çox incidilmişdilər. Onlar bu əziyyətlərə tab gətirə bilmirdilər. Əhalinin çoxunu xəstəliklər bürümüş, bir hissəsi ölümdən qurtula bilməmişdi.
1624-1654-cü illərdə hollandların portuqaliyalılarla müharibəsi zamanı qarma-qarışıqlıq nəticəsində qullar yeni düşünülmüş addımı atmaq üçün fürsət tapdılar. Onlar qaçmaqla canlarını qurtarmağı qərar verirlər. Qullar daha gizli və qəliz yerlərdə toplaşdıqdan sonra "quylombuş" adlı qruplaşma yaratdırlar.

Oxunub: 231
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az