Ustanın yerində cavan, yaraşıqlı bir oğlan əyləşmişdi.
Teymuru tanıdığım 5-6 il olar. Mərhum atasının dərzi dükanı var idi. Bilmirəm nəyəsə görə getmişdim. Deyəsən aldığım bir paltarı aparmışdım oraya. Ustanın yerində cavan, yaraşıqlı bir oğlan əyləşmişdi. Ətrafında çoxlu kitablar var idi. Kitablara nəzər yetirdim. Əksəriyyəti dünya ədəbiyyatından nümunələr idi. Oxuduğu kitab isə səhv etmirəmsə Tolstoyun hansısa bir romanı idi. İllərdir ki, internetin gəncliyimizi, zamanımızı, bütövlükdə həyatımızı zəbt etdiyi bir vaxtda kitab oxuyan, mütaliyə edən şəxslər doğurdan da, fərqli xüsusiyyətlərə malik olmalı idilər. Bəzən gənclərimizin ən yaxşı halda çayxanalarda boş və mənasız söhbətlərlə vaxtlarını keçirmələrini ürək ağrısıyla qarşılamışam. Allah-Təala müqəddəs kitabımızda da vaxta, zamana böyük dəyər verir. Söhbət acdığım bu gənclər “yandırdıqları” bu zamanla necə gələcəklərini qura bilərlər ki?! Nə isə, bu ayrı bir yazının mövzusudur.
Yaşıdlarından fərqli olan bu gənclə bir az dərindən maraqlanmaq həvəsi keçdi içimdən. Bildir di ki, Bakıda riyaziyyat ixtisası üzrə magistr təhsili alır. Riyaziyyatla ədəbiyyatın vəhdət təşkil etdiyini əvvəllər müşahidə etmişdim. Çünki ixtisasca riyaziyyat müəllimi olan bir neçə qələm sahibi haqqında yazılar yazmışdım.
Teymurun mərhum atası hər iki oğluna həm də dərzilik peşəsini də oyrətmişdi. O, yaxşı dərzi olmaqla yanaşı, həm də el şənliklərinin aparıcısı idi. Soylu-köklü nəsillərdən olduğu üçün el-oba arasında da böyük hörmət qazanmışdı. Bəlkə də Teymurun da, bu səbəbdən dolayı şeirə həvəsi yaranmışdı.
Tanışlığımızdan bir neçə il sonra Teymurun “Teymur Padar Aydınoğlu” təxəllüsü ilə sosial şəbəkələrdə sanballı şeirlər, ələlxüsus da qəzəllər paylaşdığını müşahidə etdim. O, indi Şamaxı Regional Kollecində dərs deməklə yanaşı, bir neçə tədris kursunda da riyaziyyat sahəsi üzrə müəllimlik fəaliyyəti ilə məşquldur.
Bilmirəm dilimizin üslubundanmı, yoxsa xalqımızın şeirə-sənətə vurğunluğundanmı indi o qədər adam şeir yazır ki... Və hər şeir yazan şəxsə də şair deyirlər. Amma mənim fikrimcə şair yalnız poetik misralara sahib olan şəxslərə deyilməlidir. Necə ki, vaxtilə Belinski deyirdi: "Şair sözü müqəddəs bir sözdür. Bu sözdə ölməyən bir şöhrət var". Teymurun yazılarına diqqət yetirdikdə poeziyanın tələbatına uyğun olan çox ifadələrlə rastlaşırsan. Elə ona görə də onun “şeir yazan” yox, şair olması qənaətinə gəlirsən. O, şeirlərinin birində deyir:
Ömrüm bir səhradır, illərim təpə,
Qopdu illərimdən gün qəlpə-qəlpə,
Bir yandan küləklər, bir yandan ləpə,
Sovrula-sovrula bitdi gəncliyim.
Bir şairin əsl şair olması qənaətinə gəlmək üçün onun bir şeirinə baxmaq da kifayətdir. Həmin şeirin digər misraları da ”Salıb uşaqlığı sakitcə yola”, ”Arxdan cəftəyə bir qıfıl taxıb, “əlvida” deyərək, getdi gəncliyim” misraları da “poetik yük”lə “yüklənmiş” sanballı misralardır və həm oxucunu, həm də tənqidçini onun əsl şair olduğu qənaətinə gətirir.
Mən Teymurun digər şeirlərindəki poetik misraları da nümunə gətirə bilərəm.
Sonda onu qeyd etmək istəyirəm ki, şeirləri də özü kimi əxlaqa, tərbiyəyə və intellektə söykənən bu gəncin- Teymur Padar Aydınoğlunun AYB sıralarına qəbul olmasına 25 illik qələm təcrübəsinə malik olan bir şəxs kimi tam zəmanət verirəm. Bilmirəm onun bu birliyə qəbul olması şəxsən onun özünə nə dərəcədə xeyir gətirəcək, bunu gələcək göstərəcək. Amma bircə onu bilirəm ki, Teymurun və onun timsalında belə istedadlı gənclərimizin AYB sıralarına qəbulu gələcək ədəbi nəslin yüksək səviyyədə yetişməsinə və ədəbiyyatımızın inkişafına töhfə vermiş olar.
Hörmətə: Heydər Ələddinoğlu. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qafqaz Media İctimai Birliyinin (Q.M.İ.B) təsis etdiyi “Qələm” Fəxri Fərmanı və Mükafatı laureatı.