
FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib
29-30 iyun 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin idarə heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.
Təlimin əsas məqsədi FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlarda iştirakının təmin edilməsi, eləcə də təlim iştirakçılarının bilik və bacarıqlarının İNSARAG Katibliyinin müvafiq tövsiyə və təlimatlarına uyğun şəkildə artırılması olub. Bundan əlavə, təlim zamanı xilasetmə əməliyyatlarının həyata keçirilməsi zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili əsas vəzifələrdən biri olub.
İki mərhələdə keçirilən təlimin birinci hissəsində FHN-in Baş əməliyyat idarəsinin rəis müavini, Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri polkovnik Ələsgər Əliyev dəstənin beynəlxalq əməliyyatlarda iştirakının təmin olunması üzrə fəaliyyət ardıcıllığı və təhlükəsizlik tədbirləri barədə şəxsi heyəti məlumatlandırıb, təlimin ssenarisinə uyğun olaraq müvafiq tapşırıqlar verib. Təlimin birinci mərhələsi dəstənin hazırlıq vəziyyətinə gətirilməsi, məlumat mübadiləsinin təşkili, hadisə rayonuna yürüşün həyata keçirilməsi üzrə tədbirlərin icrası ilə başa çatıb.
Təlimin ikinci mərhələsində dəstənin idarə heyəti tərəfindən senariyə uyğun olaraq, şərti hadisə rayonunda Qəbul/Yolasalma məntəqəsini (RDC) və Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzini (UCC) qurmaqla, beynəlxalq təlimatlara əsasən, şərti olaraq humanitar əməliyyatlara cəlb edilən beynəlxalq axtarış-xilasetmə komandalarının fəaliyyətinin koordinasiyası üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı şəxsi heyət hadisə rayonunda yaranmış vəziyyətin qiymətləndirilməsi, beynəlxalq axtarış-xilasetmə komandalarının yaranmış vəziyyət barədə məlumatlandırılması və müvafiq iş sahələrinin təyin edilməsi, təlimatlarda göstərilən müvafiq məlumat və hesabat xarakterli sənədlərin tərtib olunması üzrə biliklərə yiyələniblər.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Oxunub: 295
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az