Fazil həkim bu gün də kollektiv və Şamaxılılar tərəfindən dərin hörmət və ehtiramla yad olunur.




Həkimlərimizi tanıyaq və tanıdaq!
Fazil Məmmədov – həkim, Şamaxı rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini.
Məmmədov Fazil Məhəmməd oğlu 18 iyul 1953-cü ildə Bərdə rayonunda təyinatla prokuror işləyən, əslən Göylər kəndindən olan Məmmədov Məhəmməd Fazil oğlunun ailəsində anadan olmuşdur. Babası Məmmədov Fazil Şamaxının Göylər kəndində dünyaya gəlmiş, Göylərdə yaşamış, orada da dəfn olmuşdur. Onu da qeyd edək ki, Fazil həkimin atası Məhəmməd Məmmədov da Göylər kəndində dəfn olunmuşdur, onun haqqında səhifəmizdə ətraflı məlumat verilmişdir. Fazil Məmmədov birinci sinifə 1960-cı ildə Ağdam rayonunda getmiş, lakin təhsilinin 1963-65-ci illərdəki mərhələlərini Ağdaş rayonunda davam etdirmişdir. Orta məktəbi Qutqaşen (indiki Qəbələ) rayonunda müvəffəqiyyətlə başa vuran Fazil Məmmədov 1971-ci ildə Azərbaycan Tibb İnistitutuna daxil olmuşdur. Buranı 1977-ci ildə müvəffəqiyyətlə başa vurub, həmin ildən təyinat üzrə Şamaxı rayon Mərkəzi xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərməyə başlamışdır. Fazil həkim 1984-cü ildə öz həmkəndlisi Elmira doktorla (Elmira Əziz qızı) ailə həyatı qurmuş və bu nigahdan onların iki qız övladı dünyaya gəlmişdir. Böyük qızı Səfiyeva Aysel Fazil qızı ixtisasca farmaseptdir, ailəlidir, iki övladı var və hal hazırda Rusiya Federasiyasının Mojaysk şəhərində yaşayır. Kiçik qızı Hüseynova Türkan Fazil qızı da ali təhsillidir, hal hazırda Azərbaycan Pedaqoji Universtetinin Şamaxı filialında müəllim kimi fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin doktorantıdır, ailəlidir, bir övladı var.
Həkimlik fəaliyyətinin bütün mərhələləri Şamaxı rayon Mərkəzi Xəstəxanası ilə bağlı olan Fazil həkim öz peşəsinin incəliklərini dərindən bilməklə yanaşı, zəngin dünya görüşünə, hərtərəfli biliyə malik bir insan kimi çalışdığı kollektivin yaddaşında silinməz iz buraxmışdır. Ömrünün son gününə kimi baş həkimin müavini vəzifəsində çalışan Fazil həkim bu gün də kollektiv və Şamaxılılar tərəfindən dərin hörmət və ehtiramla yad olunur. Həlim xasiyyətli və sadə insan olan Fazil həkim 28 yanvar 2019-cu ildə vəfat etmişdir.
“Göylər və Göylərlilər” səhifəsi.

Oxunub: 505
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az