Azərbaycanın qardaş Türkiyə Respublikasındakı ilk səfiri, ilk ali təhsilli diplomatımız kim olub?

 


Azərbaycanın qardaş Türkiyə Respublikasındakı ilk səfiri, ilk ali təhsilli diplomatımız kim olub? 
     Qədim Naxçıvan diyarının yetirmələrindən biri olan İbrahim Əbilov 1881 - ci ildə Azərbaycanın incisi hesab edilən Ordubadda anadan olmuşdur. O, Məhəmməd Tağı Sidqinin Ordubaddakı "Əxtər" məktəbində oxumuş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoymuşdur. 1903 - cü ildən Petrovsk - Portda (indiki Mahaçqala) və Bakıda fəhləlik etmiş, inqilabi hərəkata qoşulmuş, ilk Azərbaycan sosial-demokrat təşkilatı "Hümmət"in (menşevik) üzvü kimi fəaliyyət göstərmişdir. 1907 - ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçılarından olub. 1908 - ci ildə Güney Qafqazda və Güney Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi iş aparan "İctimaiyyun - Amiyyun" (azərb. "Mücahid"‎) sosial - demokrat təşkilatının sədri Nəriman Nərimanovun tapşırığı ilə İrana göndərilmişdir. 1909 - cu ildə Bakıya qayıdan Əbilov 1912 - ci ildə dərc olunan "Bakı həyatı" qəzetində redaktor vəzifəsində işləmişdir. Çar hökuməti tərəfindən dəfələrlə həbs edilən İbrahim Əbilov Tiflisdə menşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərmişdir.
      1918 - ci ilin axırlarında Bakıya gələn Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilmiş və onun sosialist fraksiyasına başçılıq etmişdir. 1920 - ci ildə Bakı menşeviklərinin orqanı olan "İskra" qəzetinin redaktoru işləmiş, uzun illər jurnalistika ilə məşğul olmuşdu. 1920 - ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR daxili işlər nazirinin müavini təyin olunmuş, Şərq xalqlarının Bakıda çağrılan birinci qurultayında Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilmişdir. 1921 - ci ilin iyununda Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak etmişdir. 1921 - ci ildə Nəriman Nərimanovun tövsiyəsi ilə Azərbaycan SSR-in, sonra isə ZSFSR-in Türkiyədə fövqəladə və səlahiyyətli səfiri olmuş, Sovet - Türkiyə, o cümlədən Azərbaycan - Türkiyə dostluq münasibətlərinin təşəkkül tapmasında və möhkəmləndirilməsində böyük rol oynamışdır. Onun təşəbbüsü ilə Türkiyənin Trabzon və Samsun şəhərlərində Azərbaycanın konsulluqları açılmışdır.
         İbrahim Əbilovun səmərəli diplomatik fəaliyyəti və bilavasitə iştirakı sayəsində sovet respublikaları ilə Türkiyə arasında bir sıra ikitərəfli və çoxtərəfli müqavilələr imzalanmışdır. Naxçıvan muxtariyyətinin təməlini qoymuş 1921 - ci il Moskva və Qars müqavilələrini digər naxçıvanlı diplomat, Sovet - Türkiyə danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı Behbud ağa Şahtaxtinski ilə birlikdə Əbilov da imzalamışdır.
       Türkiyə Respublikasının banisi və ilk prezidenti olan Mustafa Kamal Atatürk ilə Əbilov arasında dostluq münasibətləri var idi. Əbilov Azərbaycan hökuməti adından dostluq və qardaşlıq rəmzi olaraq Atatürkə qızıl xəncər hədiyə vermiş, Atatürk Ankarada Azərbaycan səfirliyinin binası üzərində ölkəmizin bayrağının qaldırılması mərasimində iştirak etmişdir. Hər iki tarixi şəxsiyyətin arxiv sənədləri arasında kifayət qədər maraqlı fotoşəkilləri belə var...
       İbrahim Əbilov 1923 - cü ildə fevralın 23 - də Türkiyənin İzmir şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur...
       Görkəmli diplomatımızın qızı öz xatirələrində yazır: "1941 - ci ildə mən Bakıda Tibb İnstitutunun ikinci kursunda oxuyarkən Böyük Vətən müharibəsi başlandı. Könüllü olaraq cəbhəyə yazıldım. Cərrahiyyə şöbəsinin şəfqət bacısı kimi Ukrayna, Belorusiya, Şimali Qafqaz cəbhələrini qarış-qarış piyada keçib Berlinə qədər getdim. Balet ustası olan böyük bacım Ziba da döyüş briqadalarında çıxış edirdi. Müharibədən sonra cəbhədə ailə qurduğum həkim İskəndər İsmayılovla Bakıya qayıtdım. Atamın məzarını ziyarətə gedərkən qəbrin yerlə-yeksan olunduğunu gördük... Nə qədər axtarılsa da, dəmir qutuda basdırılan mumiyalanmış cəsəd tapılmadı. Deyəsən, İbrahim Məhərrəm bəyin qəbri də həmin qara qüvvə üçün təhlikə yaradırdı. Əgər belə olmasaydı... Bu vəhşiliyi ermənilərdən başqa kim törədə bilərdi? Nəhayət, 1981 - ci ildə Heydər Əliyevin göstərişilə Fəxri xiyabanda atamın simvolik qəbri düzəldildi.
       Bu ahıl çağımda da atamı xatırlayanda kövrəlməyə bilmirəm. Cəmi 41 il yaşasa da mənalı, şərəfli ömür sürdü. O, Azərbaycan xalqını xoşbəxt, ölkəsini qüvvətli görmək istəyirdi. İndi müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artmaqdadır. Bədnam, riyakar qonşularımız isə yenə də öz əməllərindən əl çəkməyərək torpaqlarımıza qəsd ediblər. Onlara öz hədlərini tanıtmaq üçün bütün xalq ayağa qalxmağa hazırdır. Elə mən özüm də bu yaşda yenə də könüllü xidmət etməyə atılaram. Təki tezliklə Azərbaycanımızın ərazi bütövlüyünü təmin edək. Sonuncu iş yerim olan Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatına rəhbərlik edərkən (burada 20 ilədək çalışmışam) Azərbaycanı qarış-qarış gəzib mədəniyyətimizin, abidələrimizin qorunması üçün mən də öz töhfəmi vermişəm. İndi düşünəndə ki o yerlər, dilbər guşələrimiz düşmən tapdağı altındadır, çox kövrəlirəm..." 
                                Paylaşım etdi: Məcid Rəşadətoğlu  
                                                                            Jurnalist

Oxunub: 92
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az