Xalq artisti Arif Quliyev vəfat edib.
Arif Əli oğlu Quliyev (16 may 1950, Əli-Bayramlı – 7 may 2021, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1989), Azərbaycan Respublikasının xalq artisti (1993). Arif Əli oğlu Quliyev 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilmişdir. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirmişdir.
Müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.
Hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.
1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülmüşdür.
1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunmuşdur. Elə həmin il Xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat etmişdir.