Xasiyeva Səkinəxanım Akif qızı.
Xasiyeva Səkinəxanım Akif qızı 1990-cı il Şamaxı rayonunda anadan olub. İlk təhsilini Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəbdə alıb. 2007-ci ildə həmin məktəbdən məzun olub.
SDU-nun Filologiya fakültəsinə yüksək balla qəbul olub. 2011-ci ildə Universiteti başa vurub, MİQ imtahanında iştirak edərək uğurlu nəticə əldə edib, Çuxuryurd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Artıq 10 ildir ki, həmin məktəbdə çalışır. 2013-cu ildə magistratura imtahanlarında iştirak etmiş və nəticədə 2016-ci ildə ADPU-nun “Ümumi dilçilik” ixtisası üzrə magistr dərəcəsi almışdır. Həmin ildən ikinci iş yeri olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında müəllim olaraq elmi-pedaqoji fəaliyyət göstərir. Universitetdə çalışdığı 5 il müddətində bir çox milli, beynəlxalq konfranslarda dilçiliyin müxtəlif problemləri ilə bağlı- “Funksional üslublar sistemində ədəbi danışıq üslubunun mövqeyi” “Ədəbi danışıq üslubunda televiziya dilinin əhəmiyyəti”, “Türk dilləri tarixi inkişafına qısa nəzər. Azərbaycan- Osmanlı türkcəsi”(“Doğu ve batı Türklüğünün ortaq tarihi devirleri ve münasibetleri” elmi-beynəlxalq konfran),“Ümumtürk dilinin qorunması və zənginləşməsində ortaq türk dilinin yaradımasının zəruriliyi”, “Azərbaycan dilinin saflığının qorunmasında, inkişafında milli və alınma sözlərin mövqeyi”, “İnklüziv siniflərdə şagird müxtəlifliyinin nəzərə alınması və dərslərin təşkili” və s məqalə və tezislərlə çıxış etmişdir. Son olaraq cənab Prezident İ.Əliyev tərəfindən imzalanan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” na əsasən, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlimçi olaraq fəaliyyət göstərmişdir.
Səkinəxanımın dediklərindən:
- Ümumiyyətlə, təhsilimizin inkişafına təkan verən bütün yenilikləri dəstəkləyirəm.
Düşünürəm ki, bir müəllim üçün durmaq, dayanmaq artıq onun pedaqoji fəaliyyətinin sonu deməkdir. Müəllim daim öz üzərində işləməklə zamanla ayaqlaşa bilər. Onu da qeyd edim ki, müasir dövrün tələblərinə cavab verməyə çalışan bir müəllim üçün əlavə zaman tapmaq da çox çətindir. Lakin son zamanlar pandemiya şəraiti ilə əlaqədar olaraq təhsilin əlçatanlığı mənə bu müddət ərzində müxtəlif mövzuları özündə əks etdirən çoxsaylı təlimlərdə, təhsil formlarında, vebinarlarda- “İnklüziv cəmiyyətə gedən yol inklüziv təhsildən keçir”, “Bərabərliyə çağırış”adlı vebinar, “İnklüziv təhsil”təlim,“Səkkizinci addım-İnklüziv təhsil” təlim, “Disqrafiya” vebinar, “Çətin tərbiyə olunan uşaqların təlimi”, “Yaş psixologiyası” təlimi, “Təhsildə yeni çağrışlara dair beynəlxalq onlayn forum”, “Müasir Azərbaycan müəllimi”, “Scientix təhsil portalında peşəkar inkişaf imkanları və beynəlxalq Steam layihələrinin quruluşu” mövzusunda vebinar və s iştirak etmək şansı qazandırdı.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “İlin peşəkar gənci” fəxri adı uğrunda keçirilən müsabiqənin başlanması haqqında məlumat alan kimi lazımi sənədləri hazırlayıb müsabiqəyə qatıldım. Məlumunuz olduğu kimi, “İlin peşəkar gənci” fəxri adı hər il əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif peşə sahələrində yüksək ustalıqla fərqlənən, ictimaiyyətin geniş rəğbətini qazanan şəxslərə verilir. Sevindirici haldır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibləri sırasına mənim də adım qeyd olundu və“İlin peşəkar gənci” fəxri adına layiq görülərək Komitə sədri tərəfindən Fəxri Fərmanla təltif olundum. Belə bir ada layiq görüldüyüm üçün çox şadam. Bunu dövlətimizin biz gənclərə göstərdiyi diqqətib bariz nümunəsi kimi qiymətləndirirəm.
Fürsətdən istifadə edib, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Məsud Babayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon Komitəsinin rəhbəri Nəsirov Fuad müəllimə dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, təhsil sahəsində gördüyüm işlərin bu cür yüksək səviyyədə qiymətləndirilməsi gələcək peşə fəaliyyətimə də böyük stimul verəcəkdir.