
Mütəllibov erməni terrorçularına qarşı 30 il öncəki məşhur əməliyyatdan danışdı...
“...“Həlqə” əməliyyatı müəyyən dərəcədə sonradan keçmiş Dağlıq Qarabağ və ətrafında keçirilmiş digər uğurlu əməliyyatlarımızın ruhi bünövrəsini qoydu...”
30 il öncə, demək olar ki, məhz bu gün – 1991-ci il aprelin 21-də Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov SSRİ-nin vaxtkı rəhbəri M.Qorbaçovla uğurlu siyasi-diplomatik danışıqlardan sonra həm Azərbaycan, həm Ermənistan ərazisindəki erməni terrorçularına qarşı keçirilməsi nəzərdə tutulmuş məşhur “Həlqə” əməliyyatı başlandı. Aprelin 16-da A.Mütəllibov Bakıda keçirdiyi müşavirədə bütün güc və təhlükəsizlik strukturlarına bununla bağlı tapşırıqlar verdi. Və aprelin 21-dən başlayaraq erməni terrorçularının o dövr üçün əsas və ən böyük bazasının yerləşdiyi indiki Göygöl rayonunun Çaykənd və digər ətraf kəndləri mühasirəyə alındı. 1991-ci il Aprelin 29-30-dan başlayaraq iyul ayının sonunadək həyata keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində yalnız həmin rayonda deyil, Qarabağda, eləcə də Şuşa rayonundakı bir sıra terrorçu bazaları tamamilə terrorçulardan təmizləndi.
Moderator.az-a bu mövzuda açıqlama verən sabiq dövlət başçısı Ayaz Mütəllibovdan “30 illik baxış bucağından “Həlqə” əməliyyatının əhəmiyyətini necə dəyərləndirirsiz? Bu əməliyyat Azərbaycan dövlətinin Qarabağdakı sonrakı, artıq müstəqillik illərindəki uğurlu hərbi əməliyyatları üçün hansı rolu oynadı?” suallarını cavablandırmağı xahiş etdik.
Eks-prezident bunları bildirdi:
“ ...“Həlqə” əməliyyatının müsbət əhəmiyyətini biz əsl mənada ondan sonrakı dövrlərdə dərk etdik. Bu da bizə Qarabağ məsələsinin həlli üçün o zaman daha hansı işlər görməli oldumuzu və sonradan nələri etməyin vacib olduğunu göstərdi. Sözsüz ki, bəhs edilən əməliyyatda güc tətbiq edilməsi müəyyən dərəcədə gələcək işlərimizin aydın fonunu yaratdı. “Həlqə” əməliyyatı nəticəsində, bildiyiniz kimi, 30-dan çox kənd, o cümlədən Gəncə şəhərinə yaxın olan strateji əhəmiyyətli Çaykənd də erməni terrorçularından azad edildi. Həmin məntəqə və ətraf digər kəndlər ondan əvvəl bir ildən çox müddətdə, demək olar ki, tam mühasirədə qalmışdı. Biz o vaxtkı İttifaq dövlətinin rəhbərliyini Qarabağdakı erməni separatçılara qarşı sülhə məcburetmə əməliyyatı keçirilməsinin vacibliyinə inandıra bildik. Çünki həmin separatçı və terrorçu liderlər dincliyə, sülhə apara biiləcək bütün addımlara hər vasitə ilə əngəl olmağa çalışırdılar. Təəssüf ki, “Həlqə” əməliyyatı tam yekunlaşmadı və nəzərdə tutulmuş bütün digər müsbət nəticələr əldə olunmadı. Ona görə “təəssüf” deyirik ki, Azərbaycanın məsələnin hərbi güc yoluyla həll edilməsi qərarı tamamilə özünü doğrultmuşdu və bu, yaxın gələcəkdə hər iki tərəfə lazım olan yaxşı sülhlə nəticələnəcəkdi. Ancaq Moskvada SSRİ rəhbərliyində baş vermiş “QKÇP” adlanan təbəddülatlar və həmin fonda Qarabağ separatçılarının öz təxribatçı əməllərini davam etdirməsi bizim qarşıya qoyulmuş vəzifəni yerinə yetirməyimizə əngəl oldu. Onu da demək lazımdır ki, hələ SSRİ tərkibində olduğumuz, müstəqilliyə yenicə can atdığımız o dövrdə keçirilmiş “Həlqə” əməliyyatı müəyyən dərəcədə sonradan keçmiş Dağlıq Qarabağ və ətrafında keçirilmiş digər uğurlu əməliyyatlarımızın və xüsusilə, parlaq nəticələrə gətirib çıxarmış sonuncu 44 günlük Zəfər savaşımızın ruhi bünövrəsini qoydu...”
Sultan Laçın
Oxunub: 329
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az