Krım tatarlarının sürgünü.
Nasistlərlə əməkdaşlıqda ittiham edilən tatar əhalisinin bu məcburi köçürülməsi bəşər deportasiya tarixində ən qısa müddətdə həyata keçirilmiş əməliyyatlardan biri sayılır. 1922-ci ildə SSRİ yaradılarkən Moskva krım tatarlarını Krım Muxtar Sovet Sosialist Respublikasının köklü əhalisi kimi tanımışdı. 1920-ci illərdə tatarlara öz mədəniyyətlərini inkişaf etdirmək imkanı verilmişdi. Krımda tatar dilində qəzet-jurnallar nəşr olunur, təhsil müəssisələri, muzeylər, kitabxcxana və teatrlar fəaliyyət göstərirdi. Krım tatarlarının dili rus dili ilə birlikdə muxtar respublikanın rəsmi dili sayılırdı. Bu dildən 140 kənd soveti istifadə edirdi. 1920-30-cu illərdə tatarlar bütün Krım əhalisinin 25-30 faizini təşkil edirdilər. Lakin 1930-cu illərdən başlayaraq SSRİ-nin başqa xalqlarına münasibətdə olduğu kimi krım tatarlarına da repressiv siyasət tətbiq olunmağa başladı. Əvvəlçə qolçomaqlara qarşı mübarizə pərdəsi altında tatarların Rusiyanın şimal bölgələrinə və Ural arxasına köçürülməsi həyata keçirilirdi. Sonra isə zor gücünə kollektivləşdirmə aparıldı. 1932-33-cü illərdə kütləvi süni aclıq – “Qolodomor” baş verdi. 1937-38-ci illərdə isə krım tatarlarının ziyalıları repressiyalara məruz qaldılar. Bütün bunlar krım tatarlarını sover hakimiyyətinə qarşı qoyurdu. Zorla köçürülmənin əsas fazası 1944-cü il mayın 18-də sübh çağı başlanıb mayın 20-də saat 16-da başa çatıb. Krımdan demək olar ki, bütün tatar əhalisi – 238, 5 min insan köçürülüb. Bu prosesi həyata keçirmək üçün XDİK 32 min əsgər cəlb etmişdi. Buna rəsmi səbəb kimi bütün tatar əhalisinin dövlət xəyanətində ittiham edilməsi oldu. Onlar “sovet adamlarının kütləvi öldürülməsində və nasist işğalçılarla əməkdaşlıqda” ittiham edildilər. Dövlət Müdafiə Komitəsinin deportasiya sənədlərində elə belə də göstərilmişdi. Bu sənədlər köçürülmədən bir həftə əvvəl hazırlanmışdı. Lakin tarixçilər deportasiyanın daha dərin səbəblərindən danışırlar. Bu səbəblərdən biri də krım tatarlarının o vaxtlar SSRİ-nin potensial rəqibi sayılan Türkiyə ilə yaxşı münasibətlərinin olması idi. SSRİ-nin planlarında Krım Türkiyə ilə münaqişə təqdiqində strateji platsdarm olmalı idi və Stalin bu münaqişədə tatarları potensial “sabotajçı və satqın” hesab edirdi. Bu nəzəriyyənin həqiqətə yaxınlığını belə bir fakt da göstərir ki, Türkiyə ilə həmsərhəd Qafqaz rayonlarından başqa müsəlman etnosları – çeçenlər, inquşlar, qaraçaylılar bvə balkarlar da köçürülürdü. Tarixçi Jonathan Otto Paul yazır ki, almanların təşkil etdikləri antisovet dəstələrində 9 mindən 20-dək krım tatarı var imiş. Onların bəziləri öz kəndlərini tatarları milli mənsubiyyətinə görə təqib edən partizanlardan qorumaq istəyirdilər. Bəzi tatarlar almanlara əsir düşdükləri üçün qoşulmuşdular və Simferopol və Nikolayevdəki əsir düşərgələrində öz vəziyyətlərini yüngülləşdirməyə çalışırdılar. Eyni zamanda Krımın kişi tatar əhalisinin 15 faizi Qırmızı ordunun sıralarında döyüşürdü. Deportasiya vaxtı onları da tərxis edib Sibir və Uralın əmək düşərgələrinə göndərdilər. 1944-cü ilin mayında alman dəstələrində xidmət edən krım tatarlarının əksəriyyəti Almaniyaya çəkildi. Beləliklə, deportasiya olunanların əksəriyyəti yarımadada yaşayan qadınlar və uşaqlar oldu. XDİK qulluqçıları tatarların evlərinə daxil olur və vətənə xəyanət etdiklərinə görə Krımdan köçürüldükləri onlara elan edilirdi. Əşyalarını yığmaq üçün onlara 15-20 dəqiqə vaxt verilirdi. Rəsmi qaydada hər ailəyə 500 kiloqrama qədər yük götürmək icazəsi verilmişdi. Əslində isə bundan daha az götürməyə imkan yaradırdılar. Bəzən isə onlar heç nə götürə bilmirdilər.1944-cü il mayın 18-20-də Xalq Daxili İşlər Komissarlığı (XDİK) Moskvadan alınan göstərişlə Krımın bütün tatar əhalisini dəmir yolu vaqonlarına dolduraraq 70 eşelonla Özbəkistana sürgün edib.