RAMİZ HƏSƏNOĞLUNUN 75 İLLİYİNƏ…





RAMİZ HƏSƏNOĞLUNUN 75 İLLİYİNƏ…
Teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlunun ad günüdür, 75 yaşı tamam olur. 
R.Həsənoğlu 13 aprel 1946-cı ildə dünyaya göz açıb. 
1965-1971-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakültəsində, 1973-1978-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun telerejissura ixtisasında təhsil alıb. 
Tələbəlik illərindən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində(1966) rejissor köməkçisi işləməyə başlayıb. 1993-cü ildən Azərbaycan televiziyasında “Sabah” eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edib, 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. Eyni zamanda Musiqili Komediya Teatrında və Milli Akademik Dram Teatrında tamaşalara da quruluş verib. 2019-cu ildən etibarən “Azərbaycantelefilm”in rəhbəridir. 
Rejissorun Anarın pyesləri əsasında quruluş verdiyi "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşaları ona sənət uğuru qazandırıb.
Ramiz müəllim deyir ki, Azərbaycan televiziyasına gələndə 20 yaşında olub: “O zamanlar televiziyada çox qüdrətli rejissorlar var idi. Bunlardan Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov, Ağəli Dadaşov və.s Onlar hamısı teatrdan gələrək bu sənətə yiyələnmişdilər, sənətin sirlərini bizə də ötürürdülər. Biz də bir az təcrübə topladıqdan sonra çalışdıq ki, ətrafımızdakı gəncləri toplayaq, onlarla iş görək. Bu məqsədlə “Sabah” Yaradıcılıq Birliyini yaratdıq”.
İsi Məlikzadənin ssenarisi əsasında çəkdiyi “Qatarda” tamaşası(1981) ona daha artıq populyarlıq qazandırıb.
Zaman keçdikcə, rejissorun quruluşuna olan tələbat artır ki, bu da yeni-yeni sənət nümunələrinin yaranmasına şərait yaradır. 
Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Topal Teymur", "Günahsız Abdulla",  ilk Azərbaycan telemüzikli "Ordan-burdan", rejissorların bir araya gələrək çəkildiyi "Ac həriflər" televiziya tamaşası və s. onun rejissor dəst-xəttinin bariz nümunəsidir. 
Rejissorun yaradıclığında teatr, kino və televiziya demək olar ki, eyni yeri tutub. Bəlkə də ona görə ki, o, istər televiziya tamaşalarına, teatr tamaşalarına, istərsə də kinorejissorluğuna eyni səviyyədə yanaşıb. Bunun nəticəsidir ki, quruluş verdiyi müxtəlif janrlı filmlər (“Parlaq tale” (1972-sənədli film), “Səməd Vurğun”(1976-sənədli film), “Üç eskiz”(1978-sənədli film), “Sumqayıt”(1979-sənədli film), “Fatehlərin divanı”(1997-çoxseriyalı bədii televiziya filmi), “Min birinci söz”(1997-qısametrajlı sənədli-bədii televiziya filmi), “Ailə”(1998- tammetrajlı bədii film-Rüstəm İbrahimbəyovla birgə), “Cavid ömrü” (2007-tammetrajlı bədii film), “Anarın anları” (2008-tammetrajlı sənədli televiziya filmi), “Sübhün səfiri”(2012-tammetrajlı bədii film), “Yaşadan, yaşayan Yaşar” (2012-tammetrajlı sənədli televiziya filmi) və s.) rejissorun yaradıcılığını izləyən tamaşaçılar tərəfindən maraqla qarşılanır.  
Qeyd edək ki, klassika Ramiz Həsənoğlu yaradıcılığında çox önəmli bir yer tutur. Rejissor bunu oxuduğu kitablar, böyüdüyü mühit, tərbiyə aldığı ailə ilə əlaqələndirir: “Azərbaycan klassikası, teatr mədəniyyəti hər zaman məni özünə cəlb edib. Ancaq bu o demək deyil ki, məni Azərbaycandan kənarda heç nə maraqlandırmır. Mən dünya ədəbiyyatı ilə hər zaman təmasda olmuşam. Əslində klassika sözünün də mənası hər zaman üçün müasir olan deməkdir. Təbii ki, Mirzə Cəlilin, Axundovun, Haqverdiyevin yaradıcılığında bizim milli mentallıqla bağlı problemlər bu gün üçün də aktualdır. Bu mənada dönə-dönə onlara müraciət olunacaq”.
R.Həsənoğlu o fikirdədir ki, ədəbiyyatın, mədəniyyətin, sənətin funksiyası ondan ibarətdir ki, insanlara bugününü tanıtdırsın: “Dəfələrlə eyni əsəri müxtəlif rejissorların quruluşundan görmüşəm. Hər biri öz fərqli yanaşmasını sərgiləyib”. 
“Rejissorun işi onun fərqli versiyasındadır. O həmin fərqli versiya əsasında tamaşanı yönəldir. Peşəkar, ciddi rejissor əsəri götürür və bilir ki, ona fərqli baxışla yanaşmaq lazımdır. Bu mənada əlbəttə ki, klassikaya dönə-dönə qayıtmaq lazımdır” deyən, daima peşəkarlığı əsas götürən, tamaşaçı fikrinə hörmətlə yanaşan Ramiz Həsənolunun yubiley yaşında keçdiyi yaradıcı yola qısa nəzər saldıq...
Azərbaycan tamaşaçısına bir-birindən dəyərli sənət nümunələri bəxş edən Ramiz Həsənoğlunu 75 illik yubiley yaşı münasibətilə təbrik edir, sağlıqlı həyat, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Oxunub: 314
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az