
Prezidentin Şuşa səfəri: Ermənistanın ürəyinə saplanan xəncərdir.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində azad edilən torpaqlarımız da şahid olub düşmənin işğalçılıq əməliyyatlarına. Ermənilər bu torpaqlarda nələr etməyiblər ki,? Bina və məscidlərimiz dağıdılıb, məscidlərdə heyvan saxlayıblar, müqəddəs abidələrimizi təhqir ediblər. Su elektrik stansiyalarını dağıdıblar. Təəssüflər olsun ki, bu vəhşiliklərin sırası çox qədər genişdir və sadalamaqla bitmir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli bayramımız olan Novruz bayramı günlərində Şuşa şəhərinə səfəri tarixi hadisələrdəndir. Ona görə ki, bayram günlərində baş tutan bu səfər xalqımızın qan yaddaşında iz salan ənənələrimizin bu gözəl torpaqda reallaşmasına imkan yaratdı.
30 ilə yaxın bir dövrdən sonra gözəl Şuşamız Novruz sevincini yaşadı. Ali Baş Komandan İlham Əliyevin qalib ordunun sərkərdəsi kimi Novruz bayramında tarixi Şuşa şəhərinə səfəri Ermənistanın ürəyinə saplanan xəncərdir. İllərdir Cıdır düzündə kef məclisləri təşkil edən, yallı gedən, Ermənistan rəhbərliyi indi İlham Əliyevin Şuşada Novruz bayramını qeyd etdiyini, bayram tonqalını alovlandırdığının şahidi olurlar. Cənab prezidentin alovlandırdığı bayram tonqalının şöləsi ucalara qalxdı. Dövlətimizin başçısının qələbə sevincini birə min artıran bayram əhval ruhiyyəsi insanların ovqatını da rövnəqləndirdi. Azərbaycanın qədim yaşayış məskənlərindəm olan Şuşadakı tarixi abidələr sübut edir ki, Azərbaycan xalqının zəngin və dəyərli tarixi var. Buna misal olaraq Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi sarayı göstərmək olar. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar.
Düşmən torpaqlarımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Dəhşətli burasıdır ki, onlar işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şuşa Dövlət Rəsm Qalereyasının binası, Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də ciddi ziyan görüb.
Heç bir tarixi keçmişi olmayan, lakin böyük xülyalarla işğalçılıq əməliyyatları edən, əlbəttə ki, öz himayədarlarının köməkliyi ilə, insanları öldürən, talançılıq edən və bundan sonra başqasının torpaqlarını da darmadağın edərək özünə “tarixi keçmiş”, “abidələr” yaratmağa çalışan məkrli düşmənin istəyi baş tutmadı.
30 ilə yaxın dövrdən sonra Azərbaycan Ordusu, şücaətli əsgərlərimiz düşməni məhv edərək torpaqlarımızı azad etdilər. İllər boyu haray çəkən torpaqlarımız düşmən əsarətindən azad olunduqdan sonra, yurdumuzun ərazi bütövlüyü təmin edildikdən sonra insanlar elə bil ki, dərindən nəfəs ala bildilər.
Uzun illər həmsədr dövlətlərin, özü də düşmənin himayədarlarının iştirakı ilə aparılan danışıqların bəhrə vermədiyini hərb yolu ilə zəfər qazanan igid Azərbaycan əsgəri dünyaya göstərdi. Göstərdi ki, başqasının torpağını zəbt edərək vəhşiliklər törədənlərin aqibəti yalnız məğlubiyyət ola bilər. Artıq beynəlxalq təşkilatlar onların etdiklərini qəbul etməli və məsələyə ədalətin gözü ilə baxmalıdırlar. Onsuz da biz qalib gəlmişik. Torpaqlarımız xilas olub, zəfər bayramından sonra dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq ərazilərdə yolların çəkilişinə və digər quruculuq işlərinə başlanıb və daha da genişlənəcəkdir. Yurdumuzun bu gözəl bölgələrində həyat bərpa olunacaq, insanların doğma ata yurdlarına qayıdışı üçün hər cür şərait yaradılacaqdır.
Prezident İlham Əliyev deyib ki, Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə.
Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. Təbii ki, Şuşada da quruculuq işləri müasir səviyyədə aparılacaqdır. Burada kiçik otellərin yaradılması nəzərdə tutulur. Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.
Əzəli Azərbaycan şəhəri Şuşanı düşmən erməni şəhəri kimi qələmə vermək istəsələr də tarix unudulmayıb. Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri də bərbad hala salıblar. Sevindiricidir ki, Şuşanın enerji təminatı ilə bağlı olan layihələrin bir hissəsi artıq icra olunub. Yeni inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri və orada səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə siyasi mesajdır. “İşğal vaxtı törədilmiş vəhşiliyin, dağıntıların miqyası göstərir ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmiş, Azərbaycanın zəngin tarixi irsini silmək istəmişdir. Prezidentin səfərləri zamanı verilən ən mühüm mesajlardan biri budur ki, düşmən buna nail ola bilməyib, Azərbaycan o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdıb”.
44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi qələbə əsrin qələbəsi oldu. Bu döyüşlərdə müzəffər ordumuzun şücaətli əsgərləri, döyüşçülərimiz əsl vətənpərvərlik nümunəsi göstəriblər. Torpaqlarımızın azad olunması üçün canlarını fəda ediblər, ölümün gözünə dik baxıblar. Təki vətən sağ olsun, deyə döyüşlərə qatılan və şəhidlik zirvəsinə ucalan Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən əziz tutulur. Şəhidlərimizin ruhu sevinir, çünki uğrunda həlak olduqları torpaqlarımız artıq düşmən işğalından azad olunub.
Üç aydan artıqdır ki, bu torpaqlarda Azərbaycan vətəndaşı addımlayır, Azərbaycan dilində danışılır. Azərbaycanın işçi qüvvəsi tikinti-quruculuq işlərinə başlamışdır. Dövlətimizin başçısı Şuşaya və digər azad olunan bölgələrə dəfələrlə səfərlər edib, Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Ermənilərin tör-töküntüləri ərazilərdən təmizlənir. Yəni düşmənin basdırdığı minalardan təmizləmə işləri sürətlə aparılır.
Ordumuz ermənilərdən fərqli olaraq ancaq hərbi birləşmələrə qarşı müharibə aparıb. Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi. Halbuki döyüş bölgəsindən çox-çox uzaqda yerləşən Azərbaycan yaşayış məntəqələrinə qadağan edilmiş silahlarla hücum nəticəsində 100-ə qədər dinc azərbaycanlı sakin həlak olmuşdur. İyirminci əsrin son onilliyində erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşilikləri, tökülən qanları xalqımız heç bir zaman unutmayacaq. Törədilən hər bir cinayətə, vəhşiliyə görə düşmən tarix qarşısında cavab verəcək.
Və ən sonda fikrimi Cənab prezidentin də Şuşamızın işğaldan azad olunduğu zaman səsləndirdiyi bu şüarla bitirmək istəyirəm: “Şuşa sən azadsan! Şuşa biz qayıtmışıq! Şuşa biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Kollecin tarixvə coğrafiya müəllimi Türkan Qarayeva