Sosial təzyiq samurayın qılıncdan imtina etməsinə gətirib çıxardı.
Yaponlar təkcə çalışqan, işgüzar xalq olmaqla qalmır, həm də sadəlikləri, təvazökarlıqları ilə seçilirlər. Onlar özlərini gözə soxmağa, irəliyə atılmağa can atmırlar, onlarda karyera pillələri ilə irəliləmək istəyi də avropalılarda olan kimi güclü deyildir. Ona görə də müasir Yaponiyada meritokratiyanın (ləyaqətlilərin hakimiyyəti - müəllif) həyata keçirilməsi də əsasən müqavimətsiz, daha asan başa gəlir. Baxmayaraq ki, meritokratiya ilk dəfə qədim Çində icad və təbiq edilmişdi, onun prinsipləri indiki yapon gerçəkliyində daha çox nəzərə çarpır. Bunu Yaponiyanın son bir əsrlik tarixində aydın görmək olar. Militarizmə meyl edən bir ölkə hərb sahəsində də çoxlarının heyrətinə səbəb oldu. İkinci Dünya müharibəsindəki məğlubiyyət nə qədər ağır və acı olsa da, yaponları məyusluq dənizində batırmadı, əksinə, onlarda görünməmiş bir intibah hissi yaratdı. Müharibənin nəhəng miqyasdakı dağıntılarının, digər ağır nəticələrinin ləğv edilməsi prosesi, əslində, ölkəni tam yeni, inkişaf relsləri üzərində qoydu. Qalib ABŞ-ın köməyi ilə Yaponiya öz siyasi, iqtisadi qamətini düzəldə bildi, yaşadığı fəlakət qarşısında heç də acizlik göstərib diz çökmədi. Yaponiyanı militarizm xəstəliyindən sağaltmaq üçün ona qarşı ciddi immunitet yaradılmalı idi. Buna xidmət edən faktorların içərisində siyasi quruluşun əsaslı dəyişikliyə məruz qalması vacib idi. Birləşmiş Ştatların köməyi ilə yaradılan dövlətin yeni Konstitusiyası da bu vəzifəyə istiqamətlənmişdi. Həmin ali sənədə görə, Yaponiya, formal monarxiya sistemi saxlansa da, demokratik prinsiplərə əsaslanan müasir respublikaya çevrilməli idi və bu baş verdi. Xalqın milli birliyinin rəmzi kimi hələ qeyd-şərtsiz təslimdən əvvəl imperator titulunun saxlanması qalib ABŞ tərəfindən göstərilən güzəşt idi, lakin mikadonun ilahi mənşəli olması barədəki əsrlərlə kök salmış və daşlaşmış ideya, əslində doqma birdəfəlik ləğv edildi. Artıq ali ilahə Amaterasu və ya hansısa bir səma qüvvəsi ilə onun əlaqəsi yox idi, müəyyən imtiyazlara sahib olmaqla yanaşı, məhz bu məsələdə digər yaponlardan heç də fərqlənmirdi. İmperator Hirohitonun özü 1 yanvar 1946-cı ildə Yeni il münasibəti ilə çıxış edəndə, amerikanların təzyiqi altında, Yaponiya monarxının ilahi mənşəyə mənsub olması tezisindən imtina etdiyini bildirdi. İmperator "dövlətin və xalqın birliyinin simvolu" olmaqla, xalqın iradəsi ilə meydana gəlir və suveren hakimiyyətin daşıyıcısı hesab olunur. Buna qədər isə yaponlar üçün dövlət, din və cəmiyyət bölünməyən bir tam kimi qəbul olunurdu. Müharibədən sonra isə dünyanın mənzərəsi bir andaca dəyişdi. Konservativ yaponlar baş verən dəyişikliyi həyatın mənasının itirilməsinə bərabər hesab etdiklərindən, ona etiraz əlaməti kimi Yaponiyada özünü intihar etmək seriyası baş verdi. Hər sahədəki dəyişikliklər, sürətli sağalma və inkişaf bu fikri tamamilə təsdiq edə bilər ki, vaxtilə sənaye istehsalı sahəsində çox geridə qalan Yaponiya ağlasığmaz bir metamorfozaya da imza atdı, bir sıra sahələrdə, innovasiyada da irəlidə getməyi bacardı. Meydzi Bərpası prosesinə diqqət verdikdə görürük ki, Yaponiya həm də qısa müddətdə qüdrətli hərbi dövlətə çevrilmişdi. 1873-cü ildə universal hərbi mükəlləfiyyət tətbiq edildi. Yaponlar həm də Qərbin imperiya modelini acgözlüklə müşahidə edirdi, bu yolu da özü üçün məqbul hesab edirdi. 1894-1895-ci illərdə Çini məğlub edib, ölkənin bir sıra ərazilərini anneksiya etdi və Çində öz təsir dairəsini qurdu. Bundan sonra onlar 1905-ci ildə rusları məğlub etdilər, Rusiya hərbi-dəniz donanmasına ağır zərbə vurdular. Bir qədər sonra isə, 1910-cu ildə Koreyanı sərt qaydalarla idarə edilən müstəmləkəyə çevirdilər. Yaponlar sübut etdilər ki, "ağ adamların" imperialist oyununu oynamağa onlar da qadirdilər və Asiyanın, Afrikanın digər regionlarında da buna qabil olan xalqın timsalında nümunələr tapıla bilər. Meydzi hökuməti feodalizmlə sürətlə vidalaşmaqdan ötəri samurayı aşağılamaq üçün müxtəlif vasitələrdən istifadə edirdi, ona əvvəllər gəzdirdiyi iki - uzun və gödək qılıncdan birini daşımağa icazə verdi. Həm də şəxsi dünyasına da həmlələr edilirdi, onların qeyri-adi saç formasını, başlarını öz üslublarına uyğun qaydada qırxdırmasını qadağan etdi. Sosial təzyiq samurayın qılıncdan imtina etməsinə gətirib çıxardı. Axı qılıncdan istifadə şəraitləri də yoxa çıxmışdı. Samurayın ona hörmətsizlik edəni qılıncla doğrayıb öldürməsi kimi eybəcər bir hüququnu da imperator qadağan etmişdi. Samuraya adi kəndli qadınları ilə evlənməyə icazə verildi, bu isə onun əvvəlki statusuna uyğun gəlmirdi. Mutsihitonun samuray klanını ləğv etməsi həm də öz hakimiyyətini möhkəmləndirmək niyyəti ilə birbaşa əlaqədar idi, çünki onlar yeni hakimiyyət qurulduqdan sonra bir sıra əyalətlərdə yenicə yaranan dövlət hərbi qüvvələrinə müqavimət göstərirdilər. Əvvəllər də hakimiyyətlərin dəyişilməsi hərbi münaqişəsiz, samurayların fəal iştirakı olmadan həyata keçirilməmişdi. 1871-ci ildə Meydzi feodal torpaq sahibliyini ləğv etdi və onun yerinə fransızlardan götürdüyü prefekturalar yaratdı. 75 prefektura meydana gəldi, onlardan dördü iri şəhərlər idi. Sonralar ölkə ərazisi yalnız 45 prefektura arasında bölündü. Daymyolar öz torpaqlarını itirdiklərindən, artıq samuraylarına da təqaüd verə bilmirdilər. Ölkədə həm də hərbi quruculuğa diqqət artırıldı, 4 qarnizon yaradıldı. Köhnə torpaq samurayları birləşdirilərək yeni milli orduya girməyə məcbur edildilər. Yeni hərbi mükəlləfiyyət sisteminin tətbiqi ilə yanaşı, ordu naziri postu yaradıldı. Bu, hərbi sahədə samuray ağalığının sona çatdığının əlaməti idi. Bunu isə onlar azı yeddi əsr ərzində icra etmişdilər. Bu, samurayı qəzəbləndirməyə bilməzdi, axı o, adi bir adama çevrilirdi.
Meydzi bu tədbirlərlə kifayətlənməyib, onsuz da samuray sinfini buraxmaq üçün üç il davam edəcək prosesə başlamışdı. Samuraylar buna qiyam qaldırmaqla cavab verdilər, lakin heç nəyə nail ola bilmədilər. 1877-ci ildə axırıncı Satsuma qiyamı da yatırıldı. Onsuz da yapon döyüşçüsü olan samuray sinfinin tənəzzülü və onun davamı şəklindəki süqutu 1840-1880-ci illərdə getmişdi və inqilab onun həyat tərcümeyi-halına son nöqtəni qoydu. Tarixçilər bu məşhur sinfin sıradan çıxmasının səbəblərini müxtəlif qaydalarda yozurlar.
Yaponiyanın son 150 illik tarixi mürəkkəb hadisələrlə, ziddiyyətlərlə dolu olsa da, inqilabın qələbəsi ilə feodalizmə son qoymaqla yanaşı, dünyanın aparıcı dövlətlərindən geriliyini ləğv etməyə də nail olmuşdu. Lakin militarizmə aludə, ölkəyə və xalqa böyük ziyan vurmuş, II Dünya müharibəsinə təcavüzkar bir dövlət kimi qoşulmaqla, tarixində ilk dəfə yadellilər tərəfindən ağır məğlubiyyətə düçar olmuşdu. Məğlubiyyətin ağır acısı başqa, həqiqi inkişaf yoluna çıxmasına onu sövq etmiş və Yaponiya bir müddətə də olsa, dünyanın ikinci iqtisadi cəhətdən qüdrətli dövlətinə çevrilmişdi. Telman ORUCOV.