Bəs siz necə, Məhəmmədtağı Sidqinin məzarının yerini bilirsiniz?

 


Azərbaycanın digər bölgələrindən olan alimlərini ziyalılarını, elmdən, maarifdən xəbərdar olan insan- larını yenə hardasa başa düşmək olar. Uzaqdadırlar, Naxçıvana tez-tez gedib-gələ bilmirlər, bəziləri bu günə qədər heç Naxçıvan torpağına ayaq basmayıb belə. Ancaq Naxçıvanda ola-ola  Məhəmmədtağı Sidqinin  məzarının yerini bilməyənləri, xüsusən də buna təşəbbüs göstərməyən, necə deyərlər, özünü əziyyətə salıb xalqı yolunda ömrünü şam kimi əridən bu insanın son mənzilini, ömründə bir dəfə belə olsun ziyarət etməyənləri heç cür başa düşə bilmirəm, onların nə elmini, nə özünü ciddiyə ala bilmirəm. Əlimdə deyil ki...
    Bir neçə il əvvəl ziyalı dostumuzun birinə sual verdim ki, ay filani, Məhəmmədtağı Sidqi harda dəfn olunub? Sualıma sualla cavab verdi. Dedi, Fəxri Xiyabanda? Dedim, yox, doğulduğu Naxçıvan torpağında. Dedi, bəs onun məzarı Naxçıvanda haradadır? Dedim, filan yerdə. Böyük maarifçinin dəfn edildiyi yeri eşidəndə gözləri kəlləsinə çıxdı. İki əlini başına qoyub dərin "ah" çəkdi. İnanmadı mənə. Dedi ki, mən düz yeddi ildir həmin magistral yolla işə gedib gəlirəm. Hətta bir-iki dəfə maşının pəncərəsindən yolun iyirmi addımlığında yerləşən o məzara baxmışam. Öz - özümə demişəm ki, yəqin hansısa seyyidin, övliyanın məzarıdır. Ya da hansısa xurafatçının qəbridir. Xalq üçün çalışan insan olsaydı burda dəfn etməzdilər...Sən demə həmin məzar böyük maarifçi Məhəmmədtağı Sidqinin məzarı imiş. Və mən illərlə onun yanından biganə ötüb keçmişəm. Buna görə özümü heç zaman bağışlamayacağam. Dedim, eyibi yoxdur, əsas odur ki, indi öyrəndin. Özdə Naxçıvanda ola-ola Məhəmmədtağı Sidqinin məzarının yerini bilməyən tək sən deyilsən. Baxmayaraq ki, onlar o məzarın yanından, bəlkə də gündə beş-on dəfə ötüb keçirlər.
    Bəs siz necə, Məhəmmədtağı Sidqinin məzarının yerini bilirsiniz?

Məcid Rəşadətoğlu.

Oxunub: 84
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az