İsmayıllı rayonunun İvanovka kəndi “Molokan-ruhani-xristian” dini icmasına məxsus ibadət evində “Məhsul bolluğu və şükranlıq” bayramı ilə əlaqədar mərasim keçirilib



Oktyabrın 6-da İsmayıllı rayonunun İvanovka kəndi “Molokan-ruhani-xristian” dini icmasına məxsus ibadət evində “Məhsul bolluğu və şükranlıq” bayramı ilə əlaqədar mərasim keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Goranboy rayonunda yaşayan molokanlar, İvanovka kəndindəki xristian dininin nümayəndələri  iştirak ediblər.

Mərasim zamanı dini ayin icra edilib, Azərbaycanın ərazi bütovlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhuna dualar oxunub.

Çıxışlarda ölkəmizdə mövcud olan tolerantlıq mühitindən, dövlətimizin bütün dini konfessiyaların nümayəndələrinə diqqət və qayğısından bəhs olunub. Vurğulanıb ki, müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışaraq birgəyaşayışın harmonik vəhdətini nümayiş etdirirlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışıblar. O da qeyd edilib ki, respublikamızda yaşayan müxtəlif dinlərin və xalqların nümayəndələri öz bayramlarını və dini ibadətlərini sərbəst şəkildə həyata keçirirlər. Xristian dini icmasının üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz təşəkkürlərini bildiriblər.

Daha sonra İvanovka Mədəniyyət Evində təşkil olunmuş tədbir bayram süfrəsi ilə davam edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi.

Oxunub: 177
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az