- Hər kəsin əxlaqı, dilinin altında gizlənib.




 

Əxlaqın tərkib hissəsi kimi adət və ənənə

 Əxlaqi tələblərin eyni tipli davranışlara şamil edilən ümumi göstərişlər və qadağalar vasitəsilə insanların davranışını tənzim edən formasıdır. Hüquq normalarından fərqli olaraq əxlaq norması dövlət hakimiyyəti tərəfindən deyil, adət və ictimai rəyin gücü ilə sanksiya alır; cəmiyyətin əxlaqi şüurunda kimin tərəfindənsə xüsusi verilən qanun nəticəsində deyil, kortəbii formalaşır. Əxlaq normaları öz-özlüyündə hələ insanın davranışı üçün məqbul rəhbərlik ola bilməz; abstrakt ümumiliyə malik olduqlarından bu, normal xüsusi vəziyyətlərlə bağlı mümkün istisnaları nəzərdə tutmur. Buna görə də konkret vəziyyətlərdə bu və ya digər əxlaq normalarının tətbiqi məsələsi məzmunca daha ümumi əxlaq prinsipləri əsasında həll olunmalıdır. Sosial məzmununa görə əxlaq norması həm ümumbəşəri, həm də tarixən məhdud, sinfi xarakterə malik ola bilər. Sonuncu halda bir sosial formasiyadan digərinə keçid zamanı uzun vaxt ərzində köhnə əxlaq normalarının dağılması və yenilərinin yaranması baş verir.

Adət və ənənə ilə əxlaq arasında möhkəm qarşılıqlı əlaqə vardır. Daha doğrusu, hər bir ənənə müəyyən əxlaqi məna daşıyır, həmin adətləri yetirməmək, onları qoruyub saxlamağı bacarmamaq ciddi narazılığa, insan münasibətlərinin kəskinləşməsinə, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında zidiyyətin meydana gəlməsinə səbəb olur. Əxlaqi adət və ənənələr, qayda və tələblər daha çox ictimai rəyə əsaslanan yazılmamaş ünsiyyət qanunları kimi fəaliyyət göstərir.

 

Adət və ənənələr insan təbiətinin çatışmazlığını aradan qaldırmaq kimi son dərəcə vacib  funksiyaya malikdir. İnstinktlər uyğunlaşdırma funksiyasına malik  olduğu kimi, adət və ənənələr də eyni qayda ilə insanın uyğunlaşmasını təmin etmək kimi funksiyaya malikdir. Adət və ənənələrin insanları cəmiyyət şəklində yaşatmaq üçün formalaşan "sosial yaradıcılıq"  olaraq da dəyərləndirlir.

 

Şübhəsiz ki, dünyanın hər tərəfində adət və ənənələrin gözlənilməyən köklü tədbirlərlə ləğvindən bəhs edilə bilməz, lakin demokratiya üsul-idarəsi bərqarar olmuş ölkələrdə müasir həyat tərzinin təzyiqi nəticəsində yaranan qopma hallarına təsadüf edilir. Bu ölkələrdə adət və ənənələrin yeni nəsillərə ötürülməsi və onların əxz edilməsi getdikcə çətinləşir. Bu günün nəsilləri ictimai həyat normalarını, qohumluq əlaqələri ilə bağlı  olduqları şəxslərdən (ana, ata, müəllim və s.) daha çox kitab, internet, tv, sosial şəbəkələr və s. kimi qeyri-şəxsi mənbələrdən və ya şəxsən münasibətdə olmadıqları mənbələrdən öyrənirlər. Özlərinə verilən məlumatı və ya əmr xarakterli göstərişləri ağıl meyarlarına görə qiymətləndirirlər. Belə olan halda əvvəlki nəsillərin böyük hörmətlə tabe olduqları bir çox adət və ənənələr mənasız qayda və hətta məhdudlaşdırıcı əlaqə yığınından ibarət olur. Onların bəzi etirazları haqlı ola bilər, çünki cəmiyyətin bəzən heç bir dəyəri olmayan bəzi ictimai normaları ehkamlaşdırdığı, onları  xurafat şəklində davam etdirdiyi zaman-zaman müşahidə olunan faktdır. Lakin bunlara qarşı olmağın, əmr vermək yolu ilə, qadağalarla doğru olmadığını  dövrün nəslinə (gənclərə) izah etməyin nə qədər çətin olduğu məlumdur. Bəzən aşkar şəkildə mənasız görünən məsələlərin çox vacib və faydalı simvolik funksiya daşımasını isə hətta gənclik dövrünü çoxdan geridə qoymuş insanlara da izah etmək mümkün olmur.

Oxunub: 63
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az