Çiçəyin dəfni- Zaman Piriyev.







Çiçəyin dəfni. 
Bu gecə yuxuda əsir düşmüşdüm.
Qaranlıq sıxırdı ağ buludları.
Qulbeçə kölgələr əmrə müntəzir,
çamur atırdılar göylərə sarı.
Göylərin palçıqlı, çirkli üzünü,
Ağlaya-ağlaya yuyurdu yağış.
Adamlar nifrəti, adamlar kini,
Göydə qapırdılar yerə çatmamış.
Hər tərəf palçıqdır, üfunət iyi
hopub çiçəklərin ciyərlərinə.
Bir vulkan püskürür yerin bağrından,
Axır gecələrin səhərlərinə.
Günəş soyuqqanlı əlvida deyir.
Üşüyür gecənin lüt çiyinləri. 
Palçıqlı bir göldə batmağa gedir,
Hürüşür dalınca küçə itləri.
Bir kitab hönkürür qəribə səslə.
İlahi, bu məzar kimindir, kimin?!
Salavat çəkirlər qanlı güllələr,
Ölənin ruhuna sancılmaq üçün.
Qara qarışqalar ağı deyirlər,
Arılar pətəkdə göz yaşı tökür.
Bir cəllad əlində ağlayır güllər,
Deyəsən dünyadan bir çiçək köçür.
Azan sədasından diksinir gözüm.
Bilmirəm hardayam, kiməm, nəçiyəm.
İstədim içimdən biryolluq köçüm,
Gördüm ki, hələ də əsirlikdəyəm.

Oxunub: 328
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az