Uşaqkən məhləmizdə "sevir-sevmir" söyləyib,





Uşaqkən məhləmizdə "sevir-sevmir" söyləyib, 
Qorxardım, çiçəkləri  yolan dəli qadından.
Deyirdilər, sevdiyi  ən yaraşıqlı oğlan,
Öldürməzdi, qırardı quşları qanadından.
Deyirdilər, özünü hörüyundən asıbmış,
Deyirdilər, ürəyi köksündə daşlaşıbmış,
Deyirdilər, yaddaşı qadına yadlaşıbmış,
Demirdilər, o qadın çıxıb kimin yadından.
Kimsə ölməsin deyə hörüyünü kəsibmiş,
Aylar ilə saçları qucağında gəzibmiş,
Deyirdilər, Tanrıdan milyon ildir küsübmüş,
Demirdilər, nə çəkib Tanrının ucbatından.
Harda boş yuva görsə, içinə daş düzərmiş,
Qurumuş budaqları gəlin kimi bəzərmiş,
Gündüzlər gülüşləri dağı-daşı gəzərmiş,
Gecələr diksinərmiş bayquşlar fəryadından.
Bütün günah onunmuş, günah yoxmuş özgədə.
Çəkdi,  ağrısı qoydu ağrıları kölgədə,
Bəlkə də, belə qadın heç olmayıb, bəlkə də,
Özümdən danışıram sənə onun adından.
Bəlkə də , belə qadın heç olmayıb ...

Turac Hilal.

Oxunub: 174
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az