Xəzər dənizdir, yoxsa göl? (Esse). Zaman Piriyev.





-Piriyev Zaman Cilovxan oğlu. 19 may 1979-cu ildə İsmayıllı rayonu Cülyan kəndində anadan olub. 1986-1996- cı illərdə orta məktəbdə, 1996-2000-ci illərdə ADPU-nun tarix fakültəsində oxuyub. Ədəbi yaradıcılığa erkən yaşlarından başlayıb. Dövrü mətbuatda şerləri, hekayələri və publisistik yazıları dərc olunub. Bir şerlər və dörd teoloji-fəlsəfi kitabı nəşr olunub.

Xəzər dənizdir, yoxsa göl?
(Esse). Zaman Piriyev.

Xəzərin neftli sularında taleyimizin uğursuzluğunu kəşf edəndən bəri düşünmüşəm ki, nəyə görə biz Xəzərin dəniz olduğuna özümüzü inandırmışıq?! Xəritədə, inkişaf etməmiş embiriona oxşayan Xəzər, dəniz olmağa can atmış, lakin yerin bətnindən qırağa çıxa bilməmişdir. Elə bil buna görə, sahilində yaşayan insanlara hirsini töküb, onlara qarğış edib. Bir vaxtlar Şirvanşahın dayanıb Xəzərə baxdığı yerdən baxıb fikirləşirəm ki, görəsən o böyük hökmdar nə düşünürdü: Xəzər göldür, yoxsa dəniz?! İşğalçı ruslara qarşı öz hərbi dəniz donanmasını qurarkən, Xəzərin dəniz olduğuna inanmışdı, Şirvanşah!  Yoxsa ki, göldə belə həngamə nəyə lazım idi?! 
  Xəzər bu xalqın arzularının qəbristanlığıdır.  İki əsrə yaxındır, neft iyini kasıb komalarına daşıyan amansız küləklər qapıdan, pəncərədən sızıb acından yata bilməyən Qurbanın yetişməyən məktublarını ələk-vələk edir. Molla Fərzəli soyuqdan göyərmiş əlləri ilə Qurbanın uşaqlarının anasına yenə məktub yazır. Otuz sajından aşağı düşmüş quyudan sanki dirilik suyu çıxaran "Qurbanlar"ın öz ölümləri ilə həyat verdiyi ağanın sağlığına nəğmələr qoşan xanəndənin zənguləsi, salonun rəngarəng işıqlarından məst olmuş matışgələrin təəccüblü baxışlarında alayı bir ahəng yaradır.
- Почему он кричит? 
-Он не кричит, он поет.
Qarabağ şikəstəsinin Şirvan şikəstəsi ilə bir yerdə ..................... hardansa leyləklərin gətirdiyi uşaqların tabutlarına sarılmış üç rəngli bayraqları təntənəli şəkildə qəbul edən ataların ürəyi yanırdı. O balacaboy kişilərin dili ilə "sağ olan Vətənin" sağlığına Qarabağ şikəstəsi oxuyan xanəndənin başına pullar səpən boynu yoğun .......... nə vecinədir ki, Xəzər dənizdir, yoxsa göl?! Dəniz gözlü fahişənin gözlərində fit verən neft tankerlərinin dənizdə, yoxsa göldə üzməsinin nə fərqi var ki?! Bu heç Xocalıda lövbər salmış  "sülhməramlının" tankının lüləsinə də deyil. Əsas odur ki, Qarabağda dəniz yoxdur. Heç kim də sarıqulağa bu sualı verməyəcək ki, Каспий - это море или озеро? Qarabağın qarası, gözləməkdən gözləri saralmış bu xalqa, bağı isə qulaqları saralmış noyabristlərə qaldı. 
Fay xətlərinin qırıldığı nöqtədə evi başına uçmuş vətəndaşın arzuları uçqun altında can verərkən, o Xəzərin dəniz, yoxsa göl olduğunu düşünmədi, yadına belə düşmədi. O düşündü ki, Vətənin daşı, ya başına düşəcək, ya da məzarına baş daşı olacaq. 
Ah Xəzər, Xəzər... Niyə bu suala vaxtında aydınlıq gətirmədin ki, gecənin bu it ulayan vaxtında mənim yuxum ərşə çəkildi?! Bu sualın cavabını, ya Xəzər xaqanının qızı ilə evlənən Girdiman knyazı Cavanşirdən, ya da 20 yanvar faciəsini dünyaya çatdıran Mirzə Xəzərdən soruşmaq olardı. Təəsüf ki, onların cavabı əbədiyyət yurdunda saxlanıb. Elşən Xəzərdən isə heç soruşmağa dəyməz, çünki onun Xəzəri çoxdan Mazandaran adlanır.

Mərhəba, rüxsarinə, ey təni-rəna, mərhəba!
Zülfünə aşiq mənəm, yari-dilara , mərhəba!
Gülşənə bir seyrə çıx, fəsli-bahar olmuuş bu gün,
Payinə güllər düşüb etmiş təmənna, mərhəba!
Heç yolun düşməzmi bu eşq mülkümə, viranədir,
Sailə ehsan elə, şahi-füqəra , mərhəba!
Cəmalın etmə nihan ki, fəcrdir, ey şəmsi-eşq,
Könlümü rövşən qılan nuri-təcəlla , mərhəba!
Bəzmi-eşqdir surətin, qəddi-rüxün min nazı var,
Sanki bədri-mah idi, etdim tamaşa, mərhəba!
Etdi sərməst ruhimi ləbi-şərabın hər gecə,
Saqiya bir lütf elə, qılma təbərra, mərhəba!
Etdi Məzlum könlümü çeşmi-xumarın həsrəti,
Bir nəzər et, olmuşam yarı müqəvva , mərhəba!

Oxunub: 339
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az