Kürdəmirdə şərabçılıq.





Kürdəmirdə şərabçılıq
Rus çarı hansısa günlərdə və bayramlarda öz sarayında əyanlara məxsus çaxır bayramı və ya günləri keçirərmiş. Bu qonaqlıqlarda ən yüksək keyfiyyətli şərab içilərmiş. Çar dünyanın ən yaxşı şərablarını axtarıb tapdırarmış. Elə bu məqsədlə də daha yaxşı şərablar əldə etmək üçün öz nümayəndəsini, məhşur şərabçı Nikolay Şustovu Tiflisə göndərir.
Bu o Şustov idi ki, XIX əsrin sonunda XX əsrin əvvəllərində Rusiyanın ən böyük şərab maqnatlarından idi. Dünyada Şustov konyakı markası ilə çox məhşur idi. Şustov Tiflisə gedərkən qatar Kürdəmir dəmiryol stansiyasında dayanır. Qısa vaxtdan istifadə edən Şustov stansiyada üzüm satan bir kişidən üzüm alır. Qatar yola düşəndən sonra rus şərabçısı üzümdən dadır. Və elə növbəti dayanacaqdaca düşüb geriyə-Kürdəmirə qayıdır. O, üzüm satan kişini tapır və üzümü hardan aldığını soruşur. O, vaxtlar çar məmuru geyimində olan Şustovdan qorxan üzümsatan kişi and içir ki, o üzümü oğurlamayıb, üzüm onun öz həyətindəndir. Stansiya işçilərinin köməyindən istifadə edən Şustov kişidən öyrənir ki, bu üzüm bu ərazidə bitir və burada bir xozeynin bağında bu üzümdən daha çoxdur. Şustov kişidən xahiş edir ki, onu xozeynin yanına aparsın.
Əlacsız qalan kişi onu kəndin yüzbaşısının yanına aparır. Bu o dövrün çox məhşur adamı Mirzə Manaf  Məlikov idi. Mirzə Manaf  həm də yüksək rütbəli məmur idi. Göyçay qəzasının baş pristavı olan Mirzə Manafla tanış olan Şustov Mirzə Manafa bu üzümün sənaye qaydasında becərilməsi və istehsalını xahiş edir.
Elə həmin ildən  sahibkarın da ortaqlığı ilə Kürdəmirdə şərab emalı zavodu tikilir. Sonralar çar ll Nikolay Tiflisə səfəri zamanı Kürdəmir dəmir yolu stansiyasında dayanır və şərab zavodunun sahibi ilə görüşüb, söhbətləşir. 
Haqqında danışılan üzüm hər yerdə bitsə də, yalnız Kürdəmirin bir hissəsində (şimal-şərqində) o cür yüksək keyfiyyətlə yetişən “Şirvanşahı” üzüm sortu, ondan istehsal olunan şərab isə məhşur Kürdəmir “Kaqoru” və qırmızı "Kürdəmir "şərabları  idi.
Sonralar uzun illər bu şərab rus çarının süfrəsinin, sovet rejimi dövründə isə Kremldə sovet rəhbərliyinin süfrəsinin bəzəyi, ən ləziz içkisi oldu.Sovet dövründə Kürdəmir şərab zavodu dünyada məşhur idi. Kürdəmirdə üzümçülük sürətlə inkişaf etdirilirdi.
Zavodun indiki Atakişili kəndi ərazisində almanlar tərəfindən inşa olunmuş yeraltı hazır məhsul anbarı da mövcud olub. Kürdəmir şərabçılığının tarixini keçmiş SSRİ-nin və Azərbaycanın çox məşhur şərabçısı mərhum Mirabbas Ağayev tədqiq edirdi. Təəssüf ki, vaxtsız həyatdan köçən şərabçının tədqiqatları hələ ki, üzə çıxmayıb.
Mirzə Manaf Məlikov isə sahibkar olmaqla yanaşı, həm də çox maraqlı şəxsiyyət olub. O, dövlət məmuru kimidə özünü əsl azərbaycanlı olaraq təsdiq edib. Əslən Şamaxıdan olan Mirzə Manafgil Şamaxı zəlzələsindən sonra Kürdəmirə köçüblər. Həmin ərazi o vaxtlar Xırdapaya aid olub. Elə burada yaşayan yüzbaşı həm də yüksək hökümət mənsəbinə yiyələnib. Göyçay qəzasının baş pristavı olan Mirzə Manaf XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının əvvəlcədən görürmüş. Mirzə Manaf hələ Cümhuriyyətdən çox əvvəllər müstəqilliyi arzulayıb, Türkiyəyə birləşmək ideyalarını təbliğ edib. O, həmin vaxt qəzada olan kəndlər adından Türkiyə sultanına çoxlu məktublar yazıb. Bu məktublar hazırda Tiflis şəhərində arxivlərdə saxlanılır.
1918-ci ildə ermənilər bütün Kürdəmiri yandıranda Mirzə Manafın mülklərinidə oda qalayıblar. 
İndi Kürdəmirdə yalnız şərab zavodundan o vaxt tikilmış kiçik spirt sexi yadigar qalıb.
"Şirvanşahı"nın isə adı qalıb.

Oxunub: 221
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az