Ay özündən xəbərsiz, məndən xəbərin varmı?






AY ÖZÜNDƏN XƏBƏRSİZ, MƏNDƏN XƏBƏRİN VARMI
Ay özündən xəbərsiz, məndən xəbərin varmı?
Ölürəm, dolanırsan gendən, xəbərin varmı?
Pərvanəyəm, həsrətəm şəminə dolanmağa,
Atəşinə, oduna alışmağa, yanmağa,
Şirin nəvazişinlə yuxudan oyanmağa,
Ay özündən xəbərsiz, məndən xəbərin varmı?
Ölürəm, dolanırsan gendən, xəbərin varmı?
Gülüstanda bülbüləm, nalə, fəğan çəkərəm,
Surətinin önündə donaram, diz çökərəm,
Sən Leylisən-mən Məcnun, sən Əslisən-mən Kərəm,
Ay özündən xəbərsiz, məndən xəbərin varmı?
Ölürəm, dolanırsan gendən, xəbərin varmı?
Yanağında qara xal ürəyimə xal saldı,
Ürəyimin yarası qara düşdü, xal saldı,
Bu necə sevgi idi, məni halbahal saldı,
Ay özündən xəbərsiz, məndən xəbərin varmı?
Ölürəm, dolanırsan gendən, xəbərin varmı?
Yusif düşdü zindana, dönmədi sevgisindən,
Səndən sevgi uman var, sən də sev, sev ki səndən
İnciməsin sevənlər, nədə ki sevgi səndən
Ay özündən xəbərsiz, məndən xəbərin varmı?
Ölürəm, dolanırsan gendən, xəbərin varmı?
Davud çapdı dağları, sandılar Fərhad imiş,
Sən demə bu da bir cür ah imiş, fəryad imiş,
Nə fayda ki, qəlbində olmadı yer, yad imiş,
Ay özündən xəbərsiz, məndən xəbərin varmı?
Ölürəm, dolanırsan gendən, xəbərin varmı?
DAVUD ŞIXZƏRLİ

Oxunub: 102
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az