Gedək oğlum
Üşüyən layladı gözümün yaşı
Yanır ocaq - ocaq qəlbimin başı
Dur soyun əynindən bu qara daşı
Torpaq çox soyuqdu qalx, gedək oğlum.
Fələk dizlərimi əyibdi yerə
Fərəhim, sevincim batıbdı yerə
Sinəmdə od tutan xatirələrə
Bir ovuc yağış tək yağ, gedək oğlum.
Ağlayır gözümdə arzum, həvəsim
Səni çağırıram üşüyür səsim
Tükənib taqətim, çatmır nəfəsim.
Mənim bu halıma bax, gedək oğlum.
Fələyin oxları bağrıma dəyir
Ömrüm inildəyir, qəlbim göynəyir
Əyninə yaraşır şəhid köynəyin,
Gəl evə salamat, sağ gedək oğlum.
Rəsmini gördükcə bu qara daşda
Halıma ağlayır torpaqda, daşda
Qəlbimə dağ çəkib tale bu yaşda
Heç deyə bilmirəm ax, gedək oğlum.
Sevdin vətənini, sevdin elini,
Gəl öpüm silahdan tutan əlini,
Götür öz əlinlə son təsəllini,
Mənim ürəyimə tax, gedək oğlum.
Müəllifi: Yasəmən Qəyyumlu
Oxunub: 157