Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olub.





Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olub.
Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.

Oxunub: 144
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az